Uşaqları “İnfluenza” virusundan qorumağın yolları - Həkim açıqladı

 14:26 15.01.2022     163

Həkim-pediatr Telman Aytayev uşaqları “influenza” virusundan qoruma yollarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, həkim son vaxtlar uşaqlar arasında virusla xəstələnmə hallarının sayının artdığına diqqət çəkib.

Onun sözlərinə görə, xüsusilə məktəbyaşlılar arasında təmas çox olduğu üçün onların virusla yoluxması halına daha çox rast gəlinir: "Uşaqlar arasında yayılan infeksiya “influenza”nın A ştamıdır. Başqa adı ilə H1N1 virusu da adlandırılır. Bu virus, demək olar ki, hər il pandemik vəziyyət yaradır. Belə xəstələrdə infeksiya ilə əlaqədar 3-5 gün davam edən yüksək hərarət və öskürək normaldır. “İnfluenza” virusundan qorunmaq üçün ona qarşı vaksin olunmaq vacibdir".

Həkim-mütəxəssis bildirib ki, “İnfluenza” xəstəliyi azyaşlı uşaqlar və yaşlılar üçün daha çox təhlükə yaradır: "Xüsusən də yaşı beşdən aşağı olan körpələr, 60-dan yuxarı olan yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkənlər “influenza”nın risk qrupuna aiddirlər. Ona görə də “influenza” virusundan qorunmaq üçün infeksiya əleyhinə peyvəndlənmək vacibdir. Peyvəndləmə nəticəsində “influenza” virusundan 60-70 faiz qorunmaq mümkündür.

Onu da qeyd edim ki, həmin virusu yeni növ koronavirus (COVID-19) infeksiyasından fərqləndirmək çətindir. Lakin nəzərə almaq lazımdır ki, qrip əlamətlərinə “influenza”da daha çox, koronavirusda isə daha az rast gəlinir. Həmin virusdan qorunmaq üçün profilaktik tədbirlər önəmlidir. Peyvənd vurdurmaqdan başqa, tibbi maska taxmaq, sağlam və vitaminli qidalar qəbul etmək lazımdır. Bu cür şəxsi gigiyena qaydalarına əməl etməklə istənilən virusdan müəyyən qədər də olsa, qorunmaq mümkündür. Valideynlərə tövsiyə edilir ki, övladlarını ümumiyyətlə vacib olan bütün peyvəndlərlə təmin etsinlər”.