"Antibiotiklərin koronavirus əleyhinə heç bir aktivliyi yoxdur" - Həkim xəbərdarlığı
“Covid-19-da və digər virus infeksiyalarında antibiotiklərin istifadə edilməsi doğru deyil”.
Redaktor.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Yaşar "Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, antibiotiklər bakteriyaların fəaliyyətini dayandırmaq üçün hazırlanmış preparatlardır:
"Onların virus əleyhinə heç bir aktivliyi yoxdur. Xəstəxanada yatanlar ağır xəstələr olduğu üçün 48 saat sonra onlarda ikincili bakteriyal infeksiyalar müşahidə edirik. Buna görə də məcburi antibiotik veririk. Çox təəssüf ki, yaxınları xəstəxanada işləyənlər ev şəraitində müalicələrdə antibiotiklərdən istifadə edirlər. Xəstəxanada yatan xəstə ilə, evdə müalicə alan eyni deyil. Hər bir xəstənin xüsusi müalicə qaydası var".(APA)












