Azərbaycanda "Turkovac" vaksinindən nə zaman istifadə olunacaq?

 11:59 02.04.2022     966

Azərbaycanda ötən aydan Türkiyə istehsalı olan “Turkovac” vaksininin sınaq mərhələsinə başlanıldığı elan edilib.

Maraqlıdır ki, sınaqlar nə zaman bitəcək? “Turkovac” vaksini nə vaxt kütləvi şəkildə insanlara vurulacaq?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Redaktor.az-a bildirdi ki, sözügedən peyvəndin sınaqlarını türkiyəli mütəxəssislər həyata keçirir.

“Ona görə də Səhiyyə Nazirliyi olaraq açıqlama verə bilməyəcəyik. Bununla bağlı türk mütəxəssislərə müraciət edin” – deyən E.Hacıyev təəssüf ki, birbaşa Səhiyyə Nazirliyinə aid olan sualı cavablandıra bilmədi.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da “Turkovac” mövzusunda danışa bilməyəcəyini bildirdi.

Mövzu ilə bağlı müraciət etdiyimiz tibbi ekspert, həkim Adil Qeybulla isə dedi ki, “Turkovac” vaksininin ölkəmizdə könüllü şəxslərə vurulması, müşahidə aparmaq üçündür:

““Turkovac” vaksini Türkiyədə klinik çalışmalardan keçib. Bizdə onun xəstələrə vurulması təkcə klinik çalışma deyil, həm də paralel olaraq müşahidədir. Yəni müşahidələr aparılır. Bu vaksin immunizasiyanın yaradılması yolunda xeyli önəm daşıyacaq. Vaksin iki doza vurulur və dozalar eyni vaksindən olmalıdır. Başqasından ola bilməz. Buster doza olaraq isə başqa vaksin vurula bilər”.

Ekspertin sözlərinə görə, vaksinin ictimaiyyətə təqdim olunması sınaqlar başa çatdıqdan sonra olacaq.

“Yəqin ki, bir neçə ay bu cür müşahidələr getməlidir. 3 ay müddətli immunutet yaranır. 3 aydan sonra yoxlamalar aparılır. Qanda antitellərin, əks cisimlərin sayı müəyyən edilir. Yəqin ki, sınaqlardan sonra vaksinin effektivliyi haqqında danışmaq olar. Yəni bu çalışmalara minimum 3 ay vaxt lazımdır”, - deyə A.Qeybulla bildirdi.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən