"Omikron" ştamının yeni növü Azərbaycana gələ bilərmi? - AÇIQLAMA
Çində koronavirusun "Omikron" ştamının yeni alt növü aşkar edilib. Yeni alt növ BA.1.1 "Omikron" ştamının qoludur, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.
Bu yeni növ ştam Azərbaycana gələ bilərmi? Koronavirusun yenidən şiddətlənmək ehtimalı var?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev hesab edir ki, Çində olan yeni koronavirus ştamı bizim ölkə üçün hər hansı bir təhlükə törədə bilməz:
“Çünki bizim ölkədə, insanlarımızda yaranan immunitet koronavirusun bu ştamlarına qarşı da təsirlidir. Çünki bu ştamlar koronavirusun özüdür, yeni bir növ deyil. Sadəcə olaraq koronavirusun müəyyən bir ştamıdır. Orqanizmdə koronavirusun özünə qarşı yaranan immunitet ştamlara qarşı da təsirlidir. Bizdə də artıq kollektiv immunitet formalaşıb”.
İnfeksionist bildirdi ki, son dəfə yoluxma sayında olan enmə bundan qabaqkı enmələrdən fərqlənir:
“Çünki bu təbii şəkildə baş verdi. Bundan qabaq karantin qaydalarının sərtləşdirilməsi hesabına enmələr müşahidə edilirdisə, indi isə əksinə karantin qaydalarının yumşaldılması fonunda enmələr müşahidə etdik. Bu, təbii şəkildə baş verən enmədir. Yəni bu da onu göstərir ki, artıq ölkəmizdə kollektiv immunitet formalaşıb. Burada əsas rolu “omikron” variantı oynadı. Sürətli şəkildə kollektiv immunitet formalaşdırdı. Vaksinasiya prosesi də müəyyən qədər öz təsirini göstərdi. Buna görə mən Çində olan koronavirusun yeni ştammının bizə hər hansı bir təhlükə törədəciyini düşünmürəm”.
Çində yoluxma sayında artım müşahidə edildiyini qeyd edən Mərdan Əliyevin sözlərinə görə, buna səbəb bu ölkədə kollektiv immunitetin formalaşmamasıdır:
“Ümumiyyətlə, Çin əhalisində immunitet yoxdur. Bu ölkədə əvvəldən çox güclü karantin qaydaları tətbiq olundu və insanlar virusla təmasda olmadı. Yoluxma sayı da Çin əhalisinə görə çox cüzi oldu. Ona görə onlarda indi güclü karantin qaydaları əvvəlki kimi tətbiq olunmasa, bunu bacarmasalar, o zaman onlarda yoluxma sayında sürətli, güclü artım gözləniləndir”.
Çindəki yeni koronavirus ştamının Azərbaycana gəlməsinin qarşısının alınmasına gəlincə, həkim qeyd etdi ki, hər ehtimala qarşı dövlət tərəfindən müəyyən tədbirlər görülməlidir.
“Çinə səyahət edib gələnlər nəzarətdə saxlanılmalıdır. Analizlərdən keçirilməlidir, analiz olunmalıdır. Çindən bizim ölkəmizə gələn Çin vətəndaşları da mütləq şəkildə analizlərdən keçməlidirlər. Əgər onlarda xəstəlik yoxdursa, dövlətin ərazisinə buraxıla bilərlər. Yəni onlar gələndən sonra iki həftə və yaxud da bir həftə ərzində iki dəfə test olunmalıdırlar”, - deyə Mərdan Əliyev bildirdi.
Zərif ÜLVİQIZI












