Adi tibbi maska COVİD-19-dan necə qoruyur?

 16:47 08.04.2022     242

Artıq 2 ildən çoxdur ki, dünya COVİD-19 pandemiyası ilə mübarizə aparır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusdan müdafiə tədbirləri çərçivəsində bütün ölkələrdə, eləcə də Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib. Karantin rejimi dövründə virusdan qorunmaq üçün bir sıra qaydalar, xüsusən də maska taxmaq tələbi qoyulub. Virusun yeni yayıldığı dönəmlərdə həm qapalı, həm də açıq havada maskada gəzmək gərəkirdisə, sonralar karantin qaydaları bir qədər yumşaldıldı. İndi yalnız qapalı məkanlarda maska taxmaq məcburidir.

YOLUXUCU DAMCILARA MANEƏ YARADIR

Həkimlərin fikrincə, COVİD-19-un yayılmasının əsas yollarından biri, insanların danışdıqları, mahnı oxuduqları, öskürdükləri və ya asqırdıqları zaman tənəffüs damcılarıdır. Bu səbəbdən də qapalı məkanlarda, xüsusən də izdihamlı ictimai yerlərdə maskadan istifadə çox önəmlidir. Həkimlər deyirlər ki, COVİD-19 simptomları olan şəxs bəzən bilməyərəkdən ətrafdakıları yoluxdurur. Maska isə bunun qarşısını alır. Əsasən də, tibbi maskalar potensial yoluxucu damcılar qarşısında maneə yaradır.  

Koronavirus təhlükəsi davam etdikcə Azərbaycanda insanların maskaya tələbatı da çoxalır. İndi satışda müxtəlif materialdan hazırlanmış, hər rəngdə və çeşiddə maskalar satılır. Lakin vətəndaşlar daha çox sadə tibbi maskalara üstünlük verirlər. Bəs bu maskaların koronavirusdan qoruma effektivliyi nə dərəcədədir?

Mütəxəssislər deyirlər ki, sadə tibbi maskalar qismən də olsa insanları virusdan, infeksiyalardan qoruya bilir. Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, insanları virusdan tam qoruya biləcək tibbi maskalar həm kifayət qədər bahadır, həm də çətin tapılır. Satışda olan adi tibbi maskalar isə yalnız cərrahiyyə əməliyyatları üçün nəzərdə tutulub: “Sadə tibbi maskalar əslində ondan ötrüdür ki, əməliyyat zamanı cərrah danışdıqda ağızdan, burundan nəfəs kənara çıxmasın. Adi tibbi maskalar müəyyən qədər sintetik materialdan hazırlanır, ona görə də onlarda özünə hopdurma, islanma effekti olmur. Bu maskaların qoruma effekti az olur. Onlar yalnız müəyyən standartlara cavab verir. Maskaların içərisinə müəyyən qat steril, təmiz olan dəsmal parçası da qoyub istifadə etmək olar. Belə olan halda ikinci qat artıq filtrasiya təsirini artırmış olur”.

İKİ SAATDAN ARTIQ TAXMAQ OLMAZ

Mütəxəssislər tövsiyyə edirlər ki, adi tibbi maskalar gündə bir neçə dəfə dəyişilməlidir. Nəzərə alsaq ki, bu maskalar ölkə aptektlərində 20-30 qəpiyə satılır, onları gündə bir neçə dəfə yeniləmək hər adamın cibinə uyğun deyil. Professor Adil Qeybulla deyir ki, adi tibbi maskalar yarım saat, uzağı 1 saatlıq istifadə üçün hesablanıb: “Bu vaxtdan sonra artıq o istifadə oluna bilməz. Yaxşı olardı ki, həmin maskalar sonradan spirt məhlulu ilə dezinfeksiya edilərək qurudulsun. Spirtlə dezinfeksiya etdikdən sonra onu iki təmiz parça arasında qaynar ütü ilə ütüləyib, asmaq olar. Yəni, maskanı tez-tez dəyişmək imkanı olmayanlar tibbi maskadan bu cür bir neçə dəfə istifadə edə bilər”.

Qeyd edək ki, COVİD-19 Azərbaycanda yeni yayılmağa başlayanda ölkədə maska çatışmazlığı problemi yaşanırdı. Lakin sonradan Azərbaycanda tibbi maska istehsalına başlanıldı və maska tələbatı tam ödənildi. Professor A. Qeybulla bildirir ki, maskalar insanların virusdan 100 faiz qorunmasını təmin etmir. Bunun üçün xüsusi respiratorlar, filtrli maskalar lazımdır. Həmin respiratorlar isə vətəndaşlar üçün qiymət baxımından əlçatan deyil.

TİBBİ, YOXSA PARÇA MASKA?

Tibbi maskalarla yanaşı, vətəndaşlar qeyri-tibbi maskalara - evdə tikilən parça ortüklərə də üstünlük verirlər. Hətta iddia olunur ki, ev şəraitində hazırlanan bu cür maskalar adi tibbi maskalardan daha etibarlı və qoruyucudur. Bəzi həkimlər isə məişət maskalarından ən effektivinin ikiqatlı neylon qoruyucu olduğunu deyirlər. Qeyd edirlər ki, həmin maskalar virusdan qorunmanı 74-79 faiz təmin edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əgər düzgün istifadə edilərsə, parça maskalar da infeksiyadan qoruyur. Lakin maska 3 qatdan ibarət olmalıdır. İlk iki qat polyester parçadan olmalı, üçüncü qat isə filtr funksiyasını yerinə yetirməlidir.

Bəzi hallarda insanların daha etibarlı qorunmaq üçün iki maskadan üst-üstə istifadə etdiyini görürük. Buna səbəb koronavirus hissəciklərinin diametrinin 0.06-0.14 mikron, gündəlik istifadə edilən maskaların məsamələrinin isə bu ölçülərə nəzərən daha böyük olması ilə bağlı irəli sürülən fikirlərdir. Məsələyə münasibət bildirən A.Qeybullanın sözlərinə görə, əgər düzgün istifadə edilmirsə, iki maskanın üst-üstə geyinilməsinin bir mənası yoxdur: “Yəni, maskaları saatlarla cibdə, çənədə saxlayanda maska yararsızlaşır. Maskadan düzgün istifadə edilsə, biri də kifayətdir”.

VİRUS MASKANIN MƏSAMƏLƏRİNDƏN KEÇƏ BİLMİR

Həkimin dediyinə görə, müxtəlif maskaların fərqli keçiricilik qabiliyyəti olur. Bəzi maskalar daha az, bəziləri isə daha çox keçiricilik qabiliyyətinə malikdir: “Koronavirus öz ölçüsü ilə havadan maskaya qonmur. Bu virus insandan insana nəfəs yolları ilə, danışarkən, asqırıb-öskürərkən tüpürcək damcıları ilə keçir. Bu koronoviruslu damcıların ölçüləri isə maskadakı məsamələrdən qat-qat böyükdür. Yəni koronoviruslu damcıların həcmi qat-qat böyük olduğundan, maskaların məsamələrindən keçə bilmir. Adi tibbi maskalarla bağlı ən vacib məqam odur ki, onlar iki saat sonra nəmlənir və artıq qoruyucunun içində müxtəlif virus və bakteriyalar yayılmağa başlayır. Ona görə də özünüzü nasaz hiss etdiynizdə, bu maskanı iki saatdan bir dəyişməyiniz şərtdir. Maska üzünüzdə olarkən ona toxunmayın. Onu çıxardıqdan sonra əllərinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin”.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrdə deyilir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanlar yox, hər kəs taxmalıdır. Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir. Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı isə 5 faizdir. Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.

HANDE HARMANCI: “MASKA ÖNƏMLİ QORUYUCUDUR”

Qeyd edək ki, son zamanlar Şərqi Avropa ölkələrində koronavirusa yoluxmalar artıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun artma səbəbini “Omikron” ştammı ilə əlaqələndirir. Hətta həmin ştammın B1 və B2 versiyalarının yarandığını iddia edir. ÜST-ün Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, qapalı məkanlarda maska taxılması önəmlidir: “Hazırda bir çox Avropa ölkəsində koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu, bir daha onu göstərir ki, pandemiya hələ də davam edir. İnsanlar maska taxmaqla yanaşı, digər qoruyucu tədbirlərə də əməl edilməlidir. Maska önəmli qoruyucudur. Amma maska təkbaşına koronavirusa yoluxmanın qarşısını almır. Tibbi maska ümumi tədbirlər paketinin bir komponentidir”. 

Xatırladaq ki, dünyanın bir çox ölkələrində maska taxmaq məcburi elan olunub və bu qaydanı pozanlar cərimə və ya həbs olunur. Azərbaycanda da maskadan istifadə etməməyə görə cərimələr qüvvədədir. Belə ki, müəyyən edilmiş yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir.

Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Məqalənin məzmunu İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir

Vumart və Güvən reklamı Vumart Güvən