"Uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb" - RƏSMİ

 14:53 26.04.2022     216

"Son günlər uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qusma, ishal və hərarət müşahidə olunur".

Redaktor.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, uşaqlar arasında yayılan bu xəstəliklər mövsümi xarakter daşıyır və simptomları rotavirusa məxsusdur.

Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, hər il mövsümü xəstəliklər kimi müşahidə olunan rotavirus hazırda sürətlə yayılır: “Əlamətləri yüksək hərarət, qusma, bəzi hallarda ishalın olmasıdır. Valideynlərin uşaqları xəstə olduğu halda bağçaya, məktəbə göndərməsi virusun yayılmasında əsas səbəbdir. Xəstə uşaqlarla təmas nəticəsində sağlam uşaqlar da virusa yoluxur. Maye itkisi olduğuna görə, uşaqların vəziyyəti tez bir zamanda ağırlaşa bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır” (report).