"Heç bir süni qida ana südünü əvəz edə bilməz" - Pediatr

 15:38 02.05.2022     372

Son illər qarşılaşdığımız hallardan biri körpə uşaqlara süni qidaların verilməsidir. Süni qidaların da qiyməti gün keçdikcə cib yandırır. Bəs insanlar Allahın bəxş etdiyi nemət olan ana südünü qoyub niyə süni qidadan istifadə edirlər? Süni qida uşaqlara hansı hallarda verilməlidir? Süni qidaların uşaqlar üçün faydaları və zərərləri hansılardır?

Mövzu barədə Redaktor.az-a danışan pediatr Gülnar Abdullayeva bildirdi ki, xanımlar ana olanda həkimlər ana südünün vacibliyi barədə onlara izah verir.

“Uşaqlar doğulduqdan sonra biz ilk növbədə ana südünün verilməsi, onların uşaqlara əmzdirilməsi, ana döşünün düzgün əmzirilməsi haqqında təlimlər veririk. Bu, doğum evində baş verir. Biz uşaqları müayinə edən zaman ana südünün əhəmiyyəti haqqında çox geniş izahat veririk. Heç bir süni qidanın ana südünü əvəz etməyəcəyi barədə məlumat veririk”.

Həkimin sözlərinə görə, körpəyə heyvan südləri vermək qəti qadağandır:

“Daha çox kənd və rayon yerlərində uşaqlara təbii inək və keçi südü verilir. Amma olmaz. Çünki süni qidalar adaptə olunmuş ana südünün formuluna uyğun olaraq hazırlanmış qidalardır. Təbii ki, əgər uşaq çox zəif doğulubsa, əmmə refleksi yoxdursa, əmməyində zəiflik varsa və ya anada hər hansı bir problem varsa, ana südünü verə bilmirsə, o zaman təbii ki, biz süni qidalara müraciət etmək məcburiyyətində qalırıq və süni qidaları veririk. Amma heç bir süni qida ananın südünü əvəz edə bilməz. Ana südü əvəzolunmazdır”.

Zərif Ülviqızı