Meymun çiçəyi virusu və onun əlamətləri

 13:00 23.05.2022     6918

Avropadan sonra meymun çiçəyi virusuna ilk dəfə Amerika Birləşmiş Ştatlarında da rast gəlinib. İspaniyada 20-dən çox adamda meymun çiçəyi virusunun əlamətləri olduğu aşkar olunub. Portuqaliyada da vəziyyət eyni qiymətləndirilir. Böyük Britaniyada yoluxanların ümumi sayı 10 nəfəri keçib.

Meymun çiçəyi nadir bir virusdur. Su çiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir.

Redaktor.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva deyib: “Meymun çiçəyi çiçək virusu ilə eyni ailədəndir, ona görə də xəstəliyin gedişatı da çiçək xəstəliyi ilə çox oxşardır. Xəstəlik qızdırma ilə başlayır, baş və əzələ ağrıları ilə davam edir. Qızdırmadan bir neçə, təxminən üç gün sonra səpgilər əmələ gələrək bədənə yayılır. Burada ən qorxulu xəstəliyin pnevmoniya əmələ gətirməsidir. Həmin halda letallıq daha yüksək olur”.

Çox qaşıntılı ola bilən səpgilər qabığa çevrilir və bir müddət sonra azalır, yaralar izlər buraxa bilər. Bu virus yoluxucudur, bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil olur. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və yataq dəsti, paltar mimi əşyalarla da ötürülə bilər. Səpgilərinə görə onu çiçək xəstəliyindən ayırmaq qeyri-mümkündür. “Çiçək xəstəliyinə çox bənzəyir, lakin ondan fərqi limfa düyünlərində böyümə əmələ gətirməsi onun xarakterik xüsusiyyətlərindən biridir”, -deyə həkim-infeksionist əlavə edib.

Hazırda xəstəliyin epidemiyaya çevrilmək riskinin az olduğu bildirilir, həmçinin peyvəndi də var. Həkim-infeksionist onu da bildirib ki, çiçəyə qarşı olan peyvənd meymun virusuna qarşı da 85 halda qoruyucudur. Bundan başqa, Amerikada qeydiyyatdan keçmiş daha bir vaksin də var, həmin vaksin həm çiçəyə, həm də meymun virusuna qarşı yüksək qoruyuculuğa malikdir.

Qeyd edək ki, bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri on Afrika ölkəsində epidemiya şəklinə yayılıb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarında insanlara çöl itlərindən keçməklə qeydə alınıb. 2017-ci ildə Nigeriyada meymun çiçəyinə yoluxan 172 xəstənin 75 faizini 21-40 yaş arası kişilər təşkil edib. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib. Mütəxəssislərin dediyinə görə, meymun çiçəyinin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaq mümkündür.