Məşhur rusiyalı teleaparıcı Bakıda

 14:26 04.06.2022     343

Azərbaycanın ilk ixtisaslaşmış tibb kanalı "SƏHİYYƏ TV" və “Medical Media” şirkətinin dəvətiylə Rusiyanın məşhur “Jit zdorovo” (“Yaşamaq gözəldir”) verilişinin tanınmış aparıcısı Yelena Malışeva iyunun 2-də Bakıya səfər edib.

Redaktor.az xəbər verir ki, 2010-cu ildən Rusiyanın “Birinci Kanalı”nda teledoktor kimi aparıcılıq edən professor Yelena Malışevanın təqdim etdiyi “Jit zdorovo” (“Yaşamaq gözəldir”) tibbi tok-şousu milyonlarla izləyicinin rəğbətini qazanıb və tibbi maarifçiliyin yeni formada cəmiyyətə çatdırılmasında mühüm yerə sahibdir.

Tibb elmləri doktoru Yelena Malışevanın ölkəmizə səfəri yeni inkişaf mərhələsinə qədəm qoymuş və regionun liderinə çevrilən Azərbaycan səhiyyəsinin uğur üfüqlərinin təbliği baxımından böyük hadisədir. Maddi-texniki bazası gücləndirilmiş xəstəxanaların, yeni tibbi texnologiyaların, təmir və bərpadan çıxmış tibb müəssisələrinin, peşəkar həkim potensialının və sərhədsiz səhiyyə turizmi resurslarının təqdimi Azərbaycanın səhiyyə prespektivlərinin tanıdılması üçün yaxşı fürsətdir.

Professor Yelena Malışevanın Bakıya səfəri zamanı Səhiyyə Televiziyasında olub, çəkiliş proseslərini izləyib. Daha sonra Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru tibb elmlər doktoru, professor, Əziz Əliyevlə görüşüb.

Filialın Təlim və Simulyasiya Mərkəzinə baş çəkib, tələbələrlə həmsöhbət olub.

Bundan əlavə o, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə də baş çəkib. Tibb elmləri doktoru Yelena Malışeva Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevlə də görüşüb.

Görüş çərçivəsində akademik Azərbaycanda rentgen-radiologiya xidmətinin inkişafında əsas rolu ilə yanaşı onkologiyanın Respublikada bir elm kimi fəaliyyəti haqqında məlumatlar bölüşüb. Mərkəzdə aparılan elmi tədqiqatların əsas istiqamətləri Respublikada bədxassəli şişlərin epidemiologiyası məsələlərinin öyrənilməsi və xərçəngin effektiv kombinə olunmuş və kompleks müalicə metodları barədə Malışevaya məlumat verib.

Həmçinin o, "Yeni Klinika"da olub. Malışeva Klinikanın rəhbəri ilə fikir mübadiləsi aparıb. Görüşdə TƏBİB-ə daxil olan klinikaların direktorları iştirak edib.

Professor Yelena Malışeva Tibb Universitetində ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə də görüşüb. Ona universitetdə aparılan dərslər, dərs vəsaitləri, kitabxanalar haqqında məlumat verilib.