Süd verən analar bu məhsullardan uzaq olmalıdırlar

 12:43 18.06.2022     373

Yeni doğulan körpələr üçün ən faydalı qida ana südüdür. Ana südü lazimi miqdarda qida maddələrinə malikdir və uşaq orqanizmində asanlıqla həzm olunur. Mütəxəssislər ana südü ilə qidalanmanı körpənin həyatı üçün ən yaxşı başlanğıc hesab edir. Bu, həm ana, həm də körpə üçün faydalıdır. Araşdırmalar ana südü ilə qidalanmanın ürək-damar və xərçəng kimi qeyri-infeksion xəstəlikləri azalda biləcəyini göstərir. Qeyd etmək lazımdır ki, körpələr bütün zəruri vitamin və mineralları anadan alır. Ana südü yeni doğulan körpəni infeksiya, allergiya və müxtəlif xəstəliklərdən qoruyur, zülal və vitamin ehtiyatını təmin edir.

Redaktor.az xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadə deyib: “Körpə doğulandan iki saat sonra mütləq ana südü qəbul etməlidir. İlk aylarda ana südündə azalma gedir. Həmin dövrdə ana süd artıran qidalardan istifadə etməlidir. Süd verən ana əsasən konservantlar və paketlənmiş məhsullardan uzaq olmalı, şokoladdan çox istifadə etməməlidir. Onları quru meyvələrlə əvəz etmək olar”.

Son vaxtlar bəzi uşaq qidalarının tərkibinin keyfiyyətsiz olması valideynlərdə narahatlıq yaradır. Həkimlər süni qida vasitələri ilə bəslənən körpələrdə ölüm hallarının ana südü ilə qidalanan uşaqlara nisbətən dörd dəfə çox olduğunu bildirilər. Təəssüf ki, müasir dünyada süni hazırlanan əlavə qidalar gündən-günə artır. Onların tərkibində olan rəngləndirici və dadlandırıcı maddələr istər uşaq yaşında, istərsə də gələcəkdə körpənin həyatında ciddi problemlərə səbəb olur. Hazır meyvə şirələri, yoqurtlar, uşaqlar üçün olan meyvə püreləri, şokoladlar və digər qidaların tərkibində heç bir kalori dəyəri olmayan sintetik maddə var və bu da şəkərdən dəfələrlə çoxdur.

“Süni qidanın mənfi cəhətləri çoxdur. Həm də həmin qidalar otlaqda otlayan inəklərin südü deyil, onlar hormon, antibiotik və vitaminlə bəslənən, gün ərzində məhsuldarlığının artırılması üçün hər vasitədən istifadə olunan heyvanların qurudulmuş formada olan südüdür. Onun saxlanılması və xarab olmaması üçün müxtəlif vasitələr tələb olunur. Ona görə də həmin südün uşaqlara verilməsi tövsiyə edilmir”, - deyə həkim-pediatr bildirib.

Körpələrin daha tez əlavə qidalara başlaması tam formalaşmaya və mədə-bağırsaq sistemində problemlərin yaranmasına səbəb olur. Məsələn, proteinlə zəngin olan yumurta və inək südü həmin qrupa daxildir. Ən allergik meyvələr isə çiyələk və kividir.

Həkim-pediatrın dediyinə görə, hər dövrün öz qidası var: “Körpənin altı ayı tamam olanda dərhal onun qidalara alışdırılması düzgün deyil, çünki həmin qidaların hər biri bağırsaqlarda müəyyən dərəcədə qıcıqlanma verə və bu, qəbizliklə nəticələnə bilər. Əlavə qidalara monokomponentlə, bir-bir başlanılmalı və fasilələrlə verilməlidir. Bəzi qidaların 1 yaşına qədər körpəyə verilməsi məsləhət görülmür. Uşağın çəkisi varsa, qidalanmağa gül kələmi ilə, çəki azlığı varsa, sıyıqlar və yulaf, düyü, qarabaşaq və s. kimi yarmalardan başlamaq olar”.

Aparılan araşdırmalar sübut edib ki, ana südü ilə bəslənən uşaqlar daha sakit və özünə inamlı böyüyür. Belə olan halda onlar xarici mühitə daha tez və rahat uyğunlaşır. Ən əsası isə ana və onun körpəsi arasında unikal, heç nə ilə müqayisə olunmayan, emosional əlaqə yaranır ki, bu da bir ömür boyu davam edir (Azərtac).