Ürək ölümləri niyə gəncləşib?

 15:22 22.06.2022     635

Son zamanlar insanların qəfil vəfat etməsi barədə xəbərlərə tez-tez rast gəlirik.  “Azərbaycanda məktəbli dərs vaxtı vəfat etdi”, “Məktəbli qəfildən öldü”, “Tələbə qəfil vəfat etdi”, “22 yaşlı əlaçı tələbə dünyasını dəyişdi” kimi başlıqlı xəbərlər gündəmdə yer alır.

Təəssüf ki, qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir. Ürək-damar xəstəliklərindən ölənlərin yüksək faizini cavanlar təşkil edir ki, onların da çoxu heç bir xəstəliyi olmayan tam sağlam insanlardır. Bu da öz növbəsində, müəyyən suallar yaradır. Gənclər arasında qəfil ölümlər niyə artıb? Görəsən, buna səbəb nədir? İnsanlar ürək tutması ilə necə mübarizə apara bilər?

Redaktor.az-ın suallarını cavablandıran kardioloq Firudin Qurbanovun sözlərinə görə, ürək-damar xəstəlikləri çox zaman gizli gedir:

“Ürək-damar xəstəlikləri ilə bağlı ölən gənclərin statistikanın olub- olmamağını dəqiq  bilmirəm. Amma onu deyə bilərəm ki, gənc yaşlarında qəfil ürək tutmasına görə ölümlərinin səbəbləri çox vaxtı kardiomiopatiya ilə əlaqədar olur. Kardimiopatiya - ürək divarlarının qalınlaşması deməkdir. Bu patalogiyası olan insanlarda hər hansı bir fiziki yüklənmədən və stressdən sonra ürəkdə həyati təhlükələr, ritm pozğunluqları yaranır və bu da sonradan onların qəfil ölümlərinə səbəb olur. Amma indiki dövrdə ən əsas, aktual məsələ Covid-19 infeksiyasıdır”.

Həkim bildirdi ki, koronavirus da qəfil ürək tutmalarının səbəblərindəndir:

“Covid 19 pandemiyası dövründə son iki ildə Amerikada üərk tutmasından ölənlərin sayında hiss olunacaq artım oldu ki. Koronavirus ürək damarlarının endotel qişasında zədələnmələr yaradır. Bu da kiçik damarların iç divarlarının zədələnməsinə səbəb olur. Bunlar isə qəfil ürək tutmasına, ürəyin işemik xəstəliklərinə yol açırlar.

İkinci bir səbəb isə, Covid 19 xəstəliyindən sonra yaranan ağırlaşmalardır. Bu zaman boşalmış, zədələnmiş ürək əzələsi nəticəsində dilokativ kardiomiopatiya adlanan bir post-kovid ağırlaşması olur. Bunlar da sonradan qəfil ölümlərə səbəb olur.

Ürək tutmadan ölümün gəncləşmənin səbəbləri ilə bağlı ümumiyyətlə onu deyim ki, müasir dünyada gənclərin sosial mediada, televizor qarşısında çox zaman keçirməsi, az hərəkətli olmaları, “fast food”lara, hazır qidalara, yüksək kalorili yeməklərə üstünlük vermələri və bir də ki stressdir”.

Firudin Qurbanovun sözlərinə görə, şəkərli diabet də qəfıl ölümün səbəblərindədir.

 “Nikotin yəni siqarət çəkmək, yüksək təzyiq, artıq çəki, qanda xolestrinin miqdarının çox olması, şəkərli diabet ürək qan-damar xəstələri üçün risk faktorlarıdır. Artıq çəki çox olduqda insulinin şəkərə dirənci artdığı üçün şəkərli diabetə səbəb olur. Bundan başqa ailədə genetik ürək qan-damar xəstəliklərinin olması da qəfil ölümlə nəticələnir.”.

Kardioloq qeyd etdi ki, insanlar zərərli vərdişlərdən uzaq durmalıdır:

“İnsanlar buna qarşı nə edə bilərlər? Təbii ki, nikotindən uzaq durmaq, həftədə iki dəfə ən azı 45 dəqiqəlik kardio yürüyüş etmək, yağlı, fast foodlu qidalardan uzaq durmaq, bacara bildikləri qədər stressdən uzaq durmaq lazımdır ”.

Firudin Qurbanov dedi ki, artıq çəkini bədənin kütlə indeksi ilə bilmək olur:

Bədənin kütlə indeksini hesablamaq üçün çəkini boy ölçüsünün kvadratına bölürük. 25-ə qədər norma sayılır. 25-30 arasıdırsa, piylənmə yolundadır. 30-dan yuxarıdırsa, piylənmə xəstəsidir. 40-dan yuxarıdırsa, ağır xəstəlik dərəcəsindədir. Amma 30-un üstündə isə bu artıq adipoz yəni köklük kimi artıq çəki kimi qeyd olunur”.

Onun sözlərinə görə, belə gənc ölümlər həmişə baş verib, lakin işıqlandırılmaylb:

“Düşünürəm ki, hal-hazırda artıq informasiya vasitələrinin, sosial medianın çox olması səbəbindən hər hansı bir universitet müəlliminin gənc yaşda qəfil ürək tutmasından ölməsini hər kəs duya bilər. Bu, məncə 50-60 il bundan əvvəl də olub. Sadəcə o zaman insanların qəfil ölməsi barədə qısa müddətdə geniş kütləyə bir məlumat yayılmırdı. İndi informasiyalar daha sürətlə yayılır”.

Həkim bunun qarşısının alınması üçün insanların davamlı müayinə olunmasının vacibliyini vurğuladı:

“Ölüm hallarının çıxalmasının səbələrində biri dədavamlı olaraq ürək müayinələrinə getməməsidir. Ən azından bir ürəyin exo-kardioqrafiya, yaxud eko –kardioqrafiya çəkilsin. Hər hansı bir şikayətlər olanda onu zamanında ciddiyə alsınlar. Bu şəkildə qəfil ürək tutmalarının sayını təbii ki, azalda bilərik”.

Zərif