ÜST meymunçiçəyi ilə bağlı pandemiya elan edə bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasının qorxulu həddə çatdığını bildirib.
Redaktor.az sözügedən təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi virusunun hazırkı epidemiyası ilə əlaqədar Beynəlxalq Səhiyyə Qaydalarının 48-ci maddəsinə uyğun olaraq Fövqəladə Hallar Komitəsinin iclasını çağırıb. Bu gün baş tutacaq iclasda Fövqəladə Hallar Komitəsinin üzvləri və məsləhətçiləri iştirak edəcək.
Bu görüşün məqsədləri ÜST-nin Baş Direktoruna virusun yayılmasının ictimai sağlamlıqla bağlı beynəlxalq narahatlıq doğuran fövqəladə hal olub-olmaması, eləcə də təklif olunan mümkün tövsiyələri təqdim etməkdir. İclasda bu virusla bağlı pandemiyanın elan edilməsi məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, meymunçiçəyi 58 ölkədə qeydə alınıb. Yoluxmuşların sayı vəziyyətin rəsmi olaraq pandemiya kimi tanınmasına imkan verir.
Xtırladaq ki, meymunçiçəyi virusu ilk dəfə 1958-ci ildə qeydə alınıb. Əvvəllər xəstəliyə nadir hallarda rast gəlinirdi. Bu xəstəlik ilk dəfə 1970-ci ildə insanlarda qeydə alınıb. Əsas simptomlar qızdırma, bədən ağrıları, səpgilərdir. Meymun çiçəyinin ölümcülliyi 10%-ə çata bilər. Peyvənd yoluxmamağa kömək edir, bir çox həkimlər çiçək xəstəliyinə qarşı peyvəndin meymun xəstəliyinə qarşı da təsirli olduğunu iddia edirlər.
İLTİFAT