Qan azlığının fəsadları və müalicəsi

Hemoqlobinin kişilərdə 130.5 qr/l, qadınlarda 120 qr/l, hamilələrdə 110 qr/l, uşaqlarda 110 qr/l -dən az olması qan azlığı (anemiya) hesab olunur.
Qan azlığını əmələ gətirən 3 əsas səbəb var:
1. Qanın yarandığı bölgədə, yəni sümük iliyində problem olması
2. Qanın yaranması üçün ehtiyac olan xam maddələrin (Dəmir, B¹² vitamini, B⁶ vitamini və Fol turşusu - B⁹ vitamini) çatışmaması
3. Qanın tərkibindəki formalı elementlərin ömrünü daha tez başa vurması, yəni daha sürətli parçalanması
Qan azlığı xəstəlik deyil, altda yatan hər hansı bir xəstəliyin təzahürüdür. Qan azlığının əlamətləri :
4 əsas əlamətlə özümüzdə qan azlığından şübhələnə bilərik :
1. Halsızlıq
2. İştahsızlıq
3. Solğun dəri
4. Yorğunluq
DƏMİR DEFİSİTLİ ANEMİYA
Qan azlığının növləri arasında ən çox rast gəlinəni Dəmir çatışmazlığıdır. Dəmir bədəndə ən çox qanda hemoqlobinin içərisində (67%) olur. Hemoqlobin - qanın formalı elementi olan eritrositin tərkib hissəsi olub , oksigeni ağciyərdən alaraq toxumalara daşıyır. Toxumalardan isə karbon qazını alaraq ağciyərlərə gətirir. Hemoqlobinin özü isə 4 qlobulin zənciri və 4 hem zülalından ibarətdir ki, hem zülalının da tərkibində Dəmir var. Qısacası - qanda eritrosit- eritrositdə hemoqlobin - hemoqlobində hem - hemdə dəmir var. Bu səbəbdən də dəmirin azlığı qan azlığına səbəb olur. Dəmirin orqanizmdə depolandığı 2 yer vardır :
1. Ferritin depoları - qanda olur və laboratoriya testləri ilə ölçülə bilir
2. Hemosiderin - toxumalarda, sümük iliyində olur
Araşdırmalara görə, dəmirə gündəlik tələbat yaşa, fizioloji vəziyyətə, inkişaf sürətinə, orqanizmin quruluşuna və həyat fəaliyyətinə görə dəyişir:
0-3 ay - 1.7 mq
4-6 ay - 4.3 mq
7-12 ay - 7.8 mq
1-3 yaş - 6.9 mq
4-6 yaş - 6.1 mq
7-10 yaş - 8.7 mq
11-18 yaş (oğlan) - 11.3 mq
11-18 yaş (qız) - 14.8 mq
19-50 yaş (kişi) - 8.7 mq
19-50 yaş (qadın) - 14.8 mq
50 və daha artıq yaş - 8.7 mq
Lakin ortalama olaraq, dəmirə gündəlik tələbat 10-20 mq-dır. Orqanizm dəmirə olan tələbatının 80 faizini ömrünü başa vurmuş eritrositlərin parçalanması nəticəsində əldə edir, qalan 20 faizini isə qida ilə alır. Bunu da qeyd etmək lazımdır ki, dəmirin qidadan bədənə sorulmasını C vitamini daha da artırır.
Dəmir çatışmazlığı anemiyasının səbəbləri:
1. Gündəlik qida rasionunda kifayət qədər dəmirin olmaması
Həmçinin, uşaqlarda - ana südü əvəzinə lazımi miqdarda dəmir ehtiva etməyən uşaq yeməkləri ilə qidalanma, 1 yaşından əvvəl inək südünün verilməsi və heyvani qidaların kifayət qədər qəbul edilməməsi dəmir çatışmazlığına yol açan səbəblərdəndir.
2. Orqanizmdə dəmirin daha çox sərf olunduğu dönəmlər - uşaqlarda böyümə dövrü, qadınlarda hamiləlik və süd əmizdirmə dövrü
3. Bəzi səbəblərdən dəmirin orqanizmdə yaxşı sorulmaması - Qastrektomiya (mədənin qismən və ya tamamilə çıxarılması ) , Kron xəstəliyi, Selyake xəstəliyi. Bu xəstəliklər müxtəlif yollarla mədə-bağırsaq traktından dəmirin qidadan alınaraq qana sorulmasına mane olur.
4. Qan itirmə (qadınlarda bu fizioloji olaraq aybaşı dövründə də ola bilər ) - ümumiyyətlə kişilərdə və klimaks dövründəki qadında "kəskin" dəmir çatışmazlığı müşahidə olunursa, ilk növbədə mədə-bağırsaq sistemi mənşəli qanaxmalar (əsasən də bağırsaq xərçəngi) araşdırılmalıdır.
5. Bəzi parazitlər - Ankilostoma Duodanale, Necator americanus adlı parazitlər orqanizmə yerləşərək qanla dəmiri sorur
6. Xroniki qanaxma ilə gedən xəstəliklər - Xoralı kolit və s.
Dəmir çatışmazlığının əlamətləri. DİQQƏT!:
1. Saç tökülməsi
2. Aşırı yorğunluq və tez yorulma, süstlük
3. Yeyilməməsi gərəkən şeyləri (torpaq, təbaşir və s.) yeməyə meyllilik və iştah- buna PİKA deyilir və dəmir defisitli anemiyanın əsas əlamətidir.
4. Əllərin, ayaqların,burunun həmişə soyuq olması
5. Dırnaqların qaşıq formasında olması
6. Angular stomatit - Ağız kənarlarının tez-tez quruması, çatlaması, iltihablanması
7. Glossit - dildə düzləşmə
8. Çox az hallarda səbəbsiz qızdırma
Diaqnoz necə təsdiqlənir?
Laborator analizlərdə əsas göstəricilər :
1. Qanda hemoqlobin az olur
2. Qanda dəmir azalır
3. Ferritin( dəmirin qandakı deposu) azalır - 15 mkq/ L -dən az olur. Ferritin dəmir çatışmazlığı anemiyasında ilk azalan və müalicə ilə də ən son düzələn göstəricidir (4-6 aya)
Müalicəsi:
1. İlk öncə altda yatan səbəb araşdırılaraq aradan qaldırılmalıdır
2. Dəmir preparatları . Qeyd etmək lazımdır ki, dəmir preparatları ac qarına ikən daha yaxşı sorulur. Və bu preparatlar içilən müddətdə nəcis qara rəng ola bilər. Orqanizmdə anormal dəmir yüklənməsinə səbəb olmamaq üçün 5-6 aydan çox dəmir preparatı istifadə olunmamalıdır.
Əgər xəstədə dəmirin mədə-bağırsaq yolundan sorulması üçün problemlər varsa (yuxarıda sadalanıb ) və yaxud da dəmiri qanda daha sürətli artırmaq lazımdırsa (hər hansı cərrahi əməliyyat öncəsi) oral preparatlar deyil, damardan inyeksiya şəklində dəmir müalicəsi aparılır. Bunun da anafilaksiya (şok) , qızdırma, əzələ ağrıları, limfaların şişməsi, damarlarda tromb kimi riskləri ola bilir.
Dəmir çatışmazlığının müalicəsində:
1. İLK DÜZƏLƏN VƏ İLK ARADAN QALXAN ƏLAMƏTLƏR - halsızlıq və yorğunluq
2. SON VƏ YA DAHA GEC DÜZƏLƏN SİMPTOMLAR - dəri və dırnaqlardakı dəyişikliklər
Hansı qidalar dəmirlə zəngindir?
1. Qırmızı ət və quzu əti - 100 qram qırmızı ət 2.7 mq dəmir miqdarı ilə gündəlik dəmir ehtiyacının təxminən 15 faizini qarşılayır
2. Qaraciyər
3. Skumbriya, farel balıqları, ton balıq, qızıl balıq
4. İkitaylı molyuskalar - midya və stridyalar
4. İspanaq - ispanaq qatıqla istehlak edildikdə dəmirin orqanizm tərəfindən sorulması azalır. İspanağın yumurta ilə bişirilməsi onun əhəmiyyətini artırır.
5. Toyuq əti
6. Hinduşqa əti
7. Yumurta- xüsusilə sarısı
8. Fındıq
9. Qaynadılmış noxud
10. Bişmiş kartof
11. Bəhməz (doşab)
12. Taxıl çörəyi
13. Kişmiş - 1 stəkanda 3.2 mq dəmir
14. Bütün qurudulmuş meyvələr - 1 pors ərik qurusu gündəlik dəmir ehtiyacının 19 %-ni qarşılayır, 1 pors tut qurusu isə 30 % dəmir ehtiyacını qarşılayır
15. Lobya, noxud
16. Mərcimək
17. Cəfəri
18. Tomat pastası, 100 qram pomidorda 9.1 mq dəmir var
19. Alma, qarpız, banan, tut, gavalı
20. Nar - tərkibində həm dəmir, həm də C vitamini var
21. C vitamini dəmirin sorulmasını sürətləndirir. Tərkibində C vitamini olan və dəmirin mənimsənilməsini artıran qidalar :
1. Portağal suyu
2. Qırmızı dolmalıq bibər
3. Brokoli
4. Çiyələk
5. Gül kələm və brüssel kələmi
6. Ananas
7. Kivi
8. Göy soğan, cəfəri, ispanaq
9. Gül kələm
Bəs hansı qidalar dəmirin sorulmasına mane olur?
1. Qara çay
2. Bitki çayları - tərkibindəki polifenol birləşmələr dəmirin sorulmasına mane olur.
3. Kofe (qəhvə ) - Kofein dəmiri özünə birləşdirərək sidik vasitəsilə orqanizmdən çıxarır.
Çay və qəhvəni yeməkdən bir qədər sonra içmək tövsiyyə olunur.
4. Süd . Gündəlik 500 ml-dən artıq süd içilməməlidir. Ümumiyyətlə süd, qatıq, ayranın tərkibində Kalsium vardır ki, kalsium dəmirin sorulmasını azaldır.
5. Kəpəkli qidalar
6. Kolbasa, sosiska kimi bir neçə dəfə emal prosesindən keçmiş qidalarla mütəmadi qidalanma
Nuranə Mürşüdlü,
ADHTİ-nin həkim-rezidenti