"İctimai nəqliyyatda maskadan istifadə etmək lazımdır" - İnfeksionistdən XƏBƏRDARLIQ

 16:49 06.07.2022     1117

“Hələ ki epidemioloji vəziyyəti sabit dəyərləndirmək olar. Çünki pandemiyada elə bir şey yoxdur ki, pandemiya bitdisə, yoluxma sayı sıfır olacaq. Pandemiyada dalğalanmalar olur və həmişə müəyyən qədər az-çox olacaq. Dalğalanmalar azala-azala pandemiya başa çatacaq, amma virus həmişə bizimlədir”.

Bunu Redaktor.az-a açıqlamasında infeksionist Mərdan Əliyev ölkəmizdə son günlər koronavirusa (COVİD-19) yoluxma sayında artımla bağlı danışarkən deyib. Onun sözlərinə görə, hazırda pandemiya ilə bağlı problem yoxdur, amma payız fəslinə doğru artım əvvəlcədən proqnozlaşdırılan idi.

“Yay fəsli hazırda yoluxmanın əleyhinədir. Həm günəş aktivliyinin yüksək olması, həm insanların çöldə olması, evlərdə otaqların havalandırılması yoluxmanın qarşısını alan faktorlardır. Amma payız fəslində bu, belə olmayacaq. Buna görə də, yoluxma müəyyən qədər olacaq. Amma əvvəlki pandemiya kimi vüsət almayacaq. Çünki kollektiv immunitet formalaşıb. Demək olar ki, hər kəs bu virusa yoluxub və sağalıb. Yenidən yoluxanlar da xəstəliyi olduqca yüngül formada keçirirlər, heç bir xəstəxana şəraitinə ehtiyac qalmır. Buna görə də, düşünürəm ki, elə də narahat olmağa dəyməz”.

İnfeksionist pandemiya ilə bağlı qaydaların tətbiq edilməsi barədə bildirib ki, hazırda maska taxmaq zəruri deyil, amma payız fəslində bu tədbir vacib ola bilər.

“Ümumiyyətlə maska barədə belə bir fikrim var ki, maska gigiyenik vasitədir, ona görə də mənim maskaya qarşı münasibətim yaxşıdır. Həm xəstəxanalarda, həm tibb müəssisələrində, həm ictimai nəqliyyatda maskadan istifadə etmək lazımdır. Hətta əgər kim risk qrupuna daxildir və xəstəliyi ağır keçirə bilər, belə şəxslər dövlətin verəcəyi qərardan asılı olmayaraq könüllü şəkildə maska taxmalıdır”.

Mərdan Əliyev həmçinin vətəndaşlara yoluxma az da olsa artacağı dövrdə tibbi maskalardan istifadə etməyi tövsiyə edib.

“Yoluxma artacağı təqdirdə maskadan istifadə zəruridir. Gediş-gəlişləri minimuma endirsinlər. Əgər bir evdə xəstə və ya risk qrupuna daxil vətəndaş varsa, zəng edib əvvəlcədən vəziyyəti öyrənsinlər, bir təhlükə varsa həmin görüşləri təxirə salsınlar”, - deyə infeksionist bildirib.

Xatırladaq ki, "Pfizer" şirkəti artıq pandemiyanın yeni dalğasını elan edib. Bununla yanaşı Fransada koronovirus infeksiyasına qarşı tədbirlərin, o cümlədən maska tələbinin tətbiqi gündəmə gətirilib.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən