Nitq qüsurlu uşaqların sayı niyə artır? - AÇIQLAMA
Son zamanlar uşaqlar arasında nitqində qüsur olan uşaqların sayında artım var. Bunu statistik göstəricilər də sübut edir. Belə ki, ötən əsrin 70-ci illərinin əvvəllərində bu problem uşaqlar arasında 4% təşkil edirdisə, 2017-ci ilin statistikasına görə isə nitqi qüsurlu olan uşaqların sayı 6 dəfə artıb.
Məsələ ilə bağlı defektoloq-loqoped Fəridə Tağıyevaya müraciət etdik.
Redaktor.az-a açıqlamasında o, son dövrlərdə nitqi qüsurlu uşaqların sayının nəzərə çarpacaq dərəcədə artığını etiraf etdi:
“Nitqin yaranmasında insanın fizioloji cəhətdən sağlamlığı ilə yanaşı sosial mühitin təsiri də vacib rol oynayır. Məsələn məktəbəqədər yaş dövründə uşaqların nitqi tez zədələnə bilən funksional sistem olduğundan mənfi təsirlərə məruz qalır. Ailədə ikidillilik, nitqin inkişafı üçün əlverişli şəraitin olmaması, valideyn nəzarətsizliyi (uşaq saatlarla televizor və ya telefon önündədirsə), uşağın sosial mühitə uyğunlaşa bilməməsi, nitqi qüsurlu insanı təqlid etmə kimi xarici təsirlər nitqin normal inkişafına mane olan səbəblərdir. Ailə münaqişələri, qorxu, stress də nitqin pozulmasına səbəb ola bilir. Bu zaman loqonevroz (kəkələmə) adlı ağır nitq qüsuru yarana bilir”.
Loqoped onu da vurğuladı ki, hamiləlik dövründə qadınların yaşadığı stress, xəstəliklər, doğuş zamanı yaranan çətinliklər sonrada uşaqlarının nitqində problem meydana gətirir.
“Anaların hamiləlik dövründə keçirdiyi toksikozlar, stresslər, müxtəlif travmalar, viruslu və endokrin xəstəliklər, o cümlədən doğuş zamanı tənəffüsün pozulması zamanı beynin oksigen çatışmazlığı və digər travmalar da nitq mərkəzinin zədələnməsinə gətirib çıxara bilər. Valideynlər övladlarının inkişafına ana bətnindən nəzarət etməlidirlər. Unutmasınlar ki, ananın sağlamlığı övladın sağlamlığı üçün çox vacibdir.
Sonrakı illərdə isə valideynlər uşağın nitq dinamikasını izləməlidirlər. İlk qığıldamasından tutmuş, ilk sözlərə, cümlə və ya verdiyi suallara kimi diqqətdə saxlamalıdırlar. Mümkün qədər nitqin inkişafına mane olan faktorlardan uzaq tutsunlar. Nitqin düzgün qurulmaması uşağın gələcəkdə psixoloji vəziyyətini də ağırlaşdıra bilər. Ona görə də uşağın nitqində hər hansı ləngimə, patologiya hiss edilərsə təcili nitq mütəxəssisinə müraciət edilməlidir.”,- deyə o, əlavə etdi.
Nərmin Vüqarqızı












