Podaqra xəstəliyi nədir?

 08:00 11.07.2022     15294

Xəstəliyin tanıtımı və etiologiyası

Bu xəstəlik keçmiş dövrlərdə "kralların xəstəliyi" olaraq tanınmışdır. Çünki podaqra  həddindən artıq qida və spirtli içki istifadə edənlərdə daha çox rast gəlinir. Xəstəlik 17-ci yüzillikdə Sydenham adlı həkim tərəfindən aşkar edilmiş, 19-cu yüzillikdə isə sidik turşusu duzlarının podaqra xəstəliyindəki əhəmiyyəti ortaya qoyulmuşdur. Orqanizmdə zülalların metabolizmində iştirak edən purin maddəsinin parçalanması nəticəsində əmələ gələn məhsullar sidik turşusuna çevrilərək bədəndən xaric edilir. Yəni, sidik turşusunu zülalların parçalanmasının son məhsulu kimi düşünə bilərik. Sidik turşusuna çevrilmədə  iştirak edən fermentin aktivliyindəki yetərsizlik, böyrəyin duzları xaric etmə gücünün zəifləməsi, yaxud da purin ehtiva edən qidaların çox yeyilməsi nəticəsində sidik turşusu duzları orqanizmdə ləngiməyə başlayır. Qanda turş mühit yaradan bəzi dərmanlar (aspirin) da sidik turşusunun böyrəkdən atılmasına maneə törədir. Podaqra xəstəliyi natrium urat kristallarının toxumalarda və strukturu zəif, yaxud zədəli oynaqlarda toplanaraq iltihabi proses başlatması ilə yaranır. 

Xəstəliyin prevalansı

Podaqra xəstəliyi əksər hallarda orta yaş qrupundan olan kişilərdə (40 yaş üstü) rast gəlinir.

Klinik mənzərə

Kəskin forma adətən tək bir oynaqda ani və şiddətli ağrı ilə başlayır. Ən çox ayağın 1-ci baş barmağı prosesə cəlb olunur. Xəstəliyin kəskin forması ən çox spirtli içki, hədindən çox yemək, uzun müddət ayaq üstündə durmaq və ya gəzmək, infeksiya, infarkt, travmalar, cərrahi əməliyyatlar, fiziki yorğunluq kimi səbəblərdən meydana gələ bilir.

Risk qrupuna daxil olanlar

Qeyri-düzgün və sağlam olmayan qidalanma, yüksək təzyiq və şəkərli diabet xəstələri, spirtli içkilərin müntəzəm qəbulu və təbii ki, irsiyyət bu xəstəliyin risk qrupunu təşkil edir. Purin ən çox heyvani zülallar(qırmızı ət və dəniz məhsulları) vasitəsilə orqanizmə daxil olur.

Patogenez

Prosesin baş verdiyi oynaq üzərindəki dəri gərgin, parlaq, qızarmış, isti və həddindən çox ağrılı olur. Hətta ağrı o dərəcədə çox olur ki, xəstə ayağına corab belə geyinə bilmir. Ağrılar adətən gecə saatlarında artır, gündüz azalır, gecə təkrar artır. 

Podaqra xəstəliyi zamanı toxumalarda meydana gələn, sidik turşusu kristallarının yığıntısından ibarət olan, çirkli ağ rəngi xatırladan şişliklər tofuslar adlandırılır. Tofuslar ən çox barmaqlarda, biləkdə, qulaqda, böyrək və ürəkdə rast gəlinir.

Diaqnoz

Qeyd etmək vacibdir ki, xəstəliyin ən önəmli göstəricisi təkcə qanda sidik turşusu duzlarının miqdarının artması deyil, onların eyni zamanda oynaqlarda da aşkar edilməsidir. Çünki, sidik turşusu duzları qanda artdıqdan müəyyən müddət sonra müxtəlif toxumalarda çökməyə başlayır. Bu o deməkdir ki, hər hansı insanın qan analizində sidik turşusunun miqdarının artmış olması hökmən podaqra xəstəsi olacağına dəlalət etmir. Oynaq mayesindən götürülən analizdə hüceyrədə  iynələr şəklində natrium urat kristallarının aşkarlanması diaqnozu dəqiqləşdirir.

Laborator parametrlər

Belə xəstələrdə prosesin kəskinləşmə fazasında hərarət, leykositlərin və eritrositlərin çökmə sürətinin artması müşahidə olunur. 

Müalicəsi

Müalicənin əsas məqsədi və istiqaməti orqanizmdə urat duzlarının azaldılmasına yönəldilir. İlk olaraq prosesin baş verdiyi oynağa istirahət verilməsi və mənfi xarici təsirlərdən qorunması məsləhətdir. Digər mərhələlərdə isə xəstəyə əsasən ağrıkəsici və iltihabəleyhinə dərmanlar təyin olunur.

Kəskinləşmə fazasında Kolxisin, qeyri-steroid iltihab əleyhinə dərmanlar (əsasən indometasin) və bəzi steroid tərkibli dərmanlar istifadə olunur.
Alternativ müalicə kimi purin tərkibli qidalar (məsələn, ət) azaldılmalıdır. Spirtli içkilərin və qanda sidik turşusunu artıran dərmanların ( tiazid qrupundan olan sidikqovucular) qəbulu dayandırılmalıdır. Gün ərzində 1.5- 2 lt maye (əsasən də anamnezində sidik daşı xəstəliyi olanlar) qəbul edilməsi  də orqanizmdən duzların çıxmasına kömək edir.

Podaqra müalicə edilmədikdə baş verən ağırlaşmalar. Bir müddətdən sonra bədəndən atıla bilməyən sidik turşusu duzları böyrəkdə daşlar əmələ gətirir. Hətta bəzən böyrək funksiyaları tamamilə itə bilir. 

Podaqra xəstələrinin istehlak etməməsi və ya az istehlak etməsi gərəkən qidalar:

1.Qırmızı ət, o cümlədən yağlı ət
2.Dəniz məhsulları (balıq, krevet, omar, molyusklar)
3.Qaraciyər
4.Dil
5.Böyrək
6.Qoyun piyi
7.Ət bulyonu
8.Fermentləşdirilmiş içkilər , spirtli içkilər və o cümlədən spirtsiz şəkərli içkilər
9.Paxlalılar (noxud,lobya, mərci)
10.İspanaq
11.Göbələk
12.Gül kələm
13.Yulaf
14.Mərcimək
15.Turşu
16.Çay, qəhvə
17.Kakao, şokolad
Podaqra xəstələrinə faydalı olan qidalar :
1. Sitrus meyvələr
2. Yumurta
3. Yarma
4. Kətan toxumu yağı - omeqa 3-lə zəngindir
5. Giləmeyvələr (əsasən də gilas və böyürtkən )
6. Süd məhsulları, qatıq
7. Alma sirkəsi - 1 stəkan suya 1 çay qaşığı əlavə olunaraq içilməsi qandan sidik duzlarını təmizləyir
8. Limon şirəsi -  1 stəkan suya yarım və ya 1 limonu sıxıb içmək tərkibindəki C vitaminu sayəsində uratları neytrallaşdırır
9. Cəfəri 
10. Zəncəfil
11. Sarıkök
12. Soda
13. Kərəviz
14. Qarğıdalı saçağı

Nuranə Mürşüdlü,

ADHTİ-nin həkim-rezidenti

Vumart və Güvən reklamı Vumart Güvən