Dermatoloqdan çimərliyə gedənlərə XƏBƏRDARLIQ

 12:09 13.07.2022     703

Yay mövsümü başlayandan günvurma halları da artmağa başlayıb. Ölkə ərazisində son günlərdə havanın temperaturunun 42 dərəcəyədək yüksəldiyini nəzərə alsaq, belə hadisələrin daha da artacağı istisna deyil. 

Qeyd edək ki, ötən həftənin məlumatına görə, TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 nəfər günvurma ilə bağlı müraciət edib.

Bəs insanlar günvurmadan necə qorunmalıdırlar? Qızmar günəş daha hansı fəsadlara gətirib çıxara bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən dermatoloq-kosmetoloq Ramil Qocayev bildirdi ki, günəşin aktiv saatlarında insanlar çölə çıxmamalıdırlar.

“Günvurmadan qorunmaq üçün ilk növbədə baş örtüklərindən, açıq rəngli paltarlardan istifadə etməli, bol-bol maye içməli, mümkün qədər kölgəlikdə dayanmalıdırlar”,- deyən dermatoloqun sözlərinə görə, günəşin təsirləri təkcə günvurma ilə yekunlaşmır. Günəş həm də insanda bəzi xəstəliklərin yaranmasında birbaşa rol oynayır:

“Günəş dəridə fotodermatit deyilən xəstəliyə səbəb olur, dəmirov xəstəliyini isə aktivləşdirir, eyni zamanda dərimizdə yanıqlar əmələ gətirir, ala və ləkə xəstəliklərinin artmasına səbəb olur. Günəşin ən böyük fəsadlarından biri də bədənimizdəki xalların onkoloji xəstəliyə çevrilmək ehtimalını artırır.  Aktiv saatlarda günəş şüalarına məruz qalmanın kəskin fəsadları bunlardır”.

Söhbət əsnasında günorta saatlarında çimərlikdə günəşlənməyin doğru olmadığını bildirən dermatoloq qoruyucu kremlərin vacibliyini də vurğulayıb:

“Günəş qoruyucular təkcə günəşdən yanmaqdan qorumur. Bu vasitələr həm də melanin piqmentinin aktivliyinin azalmasına kömək edir, yəni dəri rəngini təmin edən melanin piqmenti bu kremlərin təsirindən ultrabənövşəyi şüaları qoruyur. Amma həmin qoruyucu kremlər ən azından 2 saatdan bir yenilənməlidir ki, effektiv nəticədə əldə edilsin”.

Məlumdur ki, yay mövsümü ilə əlaqəli bir çox insan D vitamini əskikliyini günəş vasitəsilə tarazlamağa çalışır. Bəs necə etməliyik ki, həm vitaminsiz qalmayaq, həm də günəşin fəsadlarından qorunaq?

“Günəş 2 ay bu qədər aktiv olur. Bu müddətdə topladığımız vitamin bütün qış ərzində kifayət etmir. Buna görə də, şəhər yerində yaşayırıqsa, vitamin D əlavəsi atmağa məcburuq. Onu da qeyd edim ki, D vitamini əlavəsini payız-yaz aylarında qəbul etmək daha məsləhətdir, bununla yanaşı günəşin aktiv vaxtı birbaşa günəş şüası altında durmaq düzgün deyil”,- deyə R.Qocayev əlavə etdi.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən