Səhiyyə Nazirliyindən COVID-19-la bağlı  ÇAĞIRIŞ

 11:53 15.07.2022     525

Azərbaycanda ötən aylarla müqayisədə virusa yoluxmada artım müşahidə edirik

Redaktor.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib.

Həkim bunu nəzərə alaraq, gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edib:

“Bunu deyərkən, gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam. Artıq bəzi Avropa ölkələrində “Omicron”un yeni alt növü müəyyən edilib. Avropa virusoloqları ilk dəfə iyunun sonunda Hindistanın bir neçə bölgəsində aşkar edilən və digər ölkələrə, o cümlədən Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya və Kanadada yayılan COVID-19 “omikron” ştamının yeni variantının (BA.2.75) ortaya çıxmasından narahatdırlar. BA.2.75 variantı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən diqqətlə izlənilir və hazırda nəzarət altındadır.

Virusologiyanın tarixinə nəzər saldığımız zaman görürük ki, bəzi mutasiyalar virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Mutasiyalar arasında virusun necə ötürüldüyü (daha sürətli yayıla bilməsi) və ya səbəb olduğu xəstəliyin şiddəti (daha ağır xəstəliyə səbəb ola bilər) araşdırılır.

Virusun ilkin ştamlarında da eyni mənzərəni gördük. Nəzərə almaq lazımdır ki, koronavirusun öldürücülük qabiliyyəti azalarkən, yoluxuculuq qabiliyyəti artır. “Omikron” variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur. COVID-19-un ilkin mutasiyalarına aid olan iybilmə və ya dad hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın əsas əlamətləri hesab olunur.

Koronavirusun “Delta” və “Omicron” ştamlarını müqayisəsi onu göstər ki, “delta”da ölüm nisbəti daha yüksəkdir».

Nazirlik rəsmisinin sözlərinə görə, vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirməlidrlər:

“Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda, vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm”.