"İnsanlar ictimai yerlərdə maska taxsınlar" - İnfeksionistdən ÇAĞIRIŞ

 17:14 15.07.2022     616

“Yay mövsümündə insanların sıx səyahət etməsi, ünsiyyətin çoxalması və koronovirusun omikron ştamının yeni alt variantları bu artımda xüsusi rol oynayır”.

Bu barədə Redaktor.az-a açıqlamasında infeksionist Nicat Əzimli Azərbaycanda COVİD-19-a yoluxma sayının artması ilə bağlı danışarkən bildirib.

“Qarşıdan payız mövsümü gəlir. Bu da narahatedici haldır, çünki yoluxma daha da sürətlənə bilər. Bununla bağlı müəyyən dərəcədə tədbirlər görülməlidir. Azərbaycanda hələ ki, o qədər də böyük rəqəmləri görmədiyimiz üçün daha çox fərdi tədbirlər əhəmiyyət daşıyır. Yəni hər kəs sosial məsafəni qorusa və özü özlüyündə maskadan istifadə etsə, yoluxma sayındakı artım müəyyən dərəcədə kontrol altına alına bilər”,-  deyə infeksionist əlavə edib.

N. Əzimli həmçinin buster dozanın vacibliyini vurğulayıb:

“Daha önəmli məsələ isə xatırlatma dozalarıdır. Yoluxmanın çoxalmasında bir faktor da, son vaksinin üzərindən uzun müddət keçən insanların sayının artmasıdır. Nəticədə bədəndə yaranan süni immunitet azalır və bədən zəifləyir. Bu halda vaksin yeni ştamdan qoruya bilmir. Xatırlatma dozaları bu immuniteti yenidən bərpa etmək üçündür. Məsləhət görürəm ki, həmin vətəndaşlar vaksinasiyada yenidən iştirak etsinlər”.

İnfeksionist onu da qeyd edib ki, insanlar şüurlu şəkildə öz qərarları ilə maskadan istifadə etməlidirlər.

“Qayda olaraq qüvvəyə minməmiş hər kəs şüurlu şəkildə maska istifadəsinə riayət etsin. Fərdi şəkildə ictimai yerlərdə maska istifadəsinə riayət etsinlər, bunun qayda olmasına ehtiyac yoxdur. Avropa da insanlar qayda olmasa da, özləri üçün maskadan istifadə edirlər. Çünki bu şüur qismən də olsa, insanlarda formalaşıb. Məsləhət görürəm ki, vətəndaşlarımız da buna əməl etsinlər”.

Xatırladaq ki, ötən gün 174 nəfər koronavirusa yoluxub, 3 nəfər isə ölüb.

Nərmin Vüqarqızı