"Yoluxma bu tempdə artarsa, maska tələbi yenidən məcburi olacaq" - İnfeksionist

“Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusa yoluxma statistikasında artım müşahidə olunur. Buna səbəb həm yoluxub sağalanlarda, həm də vaksin olunanlarda get-gedə qanda antitelin azalması ilə xəstəlik həssaslığının artmasıdır.
Xəstəliyi keçirdikdən və ya vaksin olunduqdan sonra 6 ay müddətində xəstəliyə yoluxmasaq da, növbəti aylarda yenidən yoluxa bilərik, amma xəstəlik əvvəlki qədər ağır şərtlərdə keçmir. Xəstəliyə yoluxanlar bu mərhələni yüngül keçirəcəklər, xəstəxana şəraitinə ehtiyac olmayacaq, səhiyyə sistemi əvvəlki qədər yüklənməyəcək.”.
Bu sözləri Redaktor.az-a son günlər koronavirusa yoluxanların sayında kəskin artımla bağlı danışan infeksionist-hepatoloq Mərdan Əliyev söylədi. Onun sözlərinə görə, yenidən vaksin olunmaq olduqca vacibdir.
“Yoluxmanın sayının payız mövsümündə artıması proqnozlaşdırılsa da, bu proses bir az tez başladı. Payız mövsümünə doğru yenidən artımlar müşahidə ediləcək. Bu səbəbdən bir sıra tədbirlər mütləq həyata keçirilməlidir. Belə ki, risk qrupuna daxil olan vətəndaşlar, birinci dəfə yoluxanlar, xəstəliyi yüngül keçirənlər, immun sistemi yaxşı olanlar, gənclər o qədər də vacib deyil , amma xəstəliyə yoluxmayanlar və ağır keçirən şəxslər mütləq peyvənd olunmalıdır”,- infeksionist vurğuladı.
Həmçinin infeksionist bildirdi ki, keçiriləcək ən vacib tədbir maskadır, çünki xəstəliyin qarşısını alan ən əsas vasitə ondan istifadədir.
“Yoluxma bu tempdə artarsa, yaxın zamanda görünür ki, maska məcburi qaydada tələb olunacaq. Artım sürətinə baxılır. Yəqin ki, payızda qapalı və ictimai məkanlarda maska taxılması məcburi olacaq. Çünki bu fəsildə havalar tədricən soyumağa başlayır və virusun yayılması üçün daha əlverişli şərait yaranır”, - deyə M. Əliyev qeyd etdi.
İnfeksionist onu da əlavə etd ki, maska və vaksinasiya xaricində digər məhdudiyyətlərə gedilməyəcək.
Nərmin Vüqarqızı