"Statistik rəqəmlərdən fərqli olaraq reallıqda yoluxma daha yüksəkdir" - İnfeksionist

"Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Statistik rəqəmlərdən fərqli olaraq reallıqda yoluxma daha yüksəkdir. Bunu müraciət edən xəstə sayından da müşahidə edirik. Simptomu olub test etdirməyən və yaxud artıq sağalma mərhələsində test etdirdiyi üçün cavabı neqativ olan çox sayda xəstələr var.”
Bu sözləri son günlərdə ölkədə koronavirusa yoluxanların sayının kəskin artması barədə Redaktor.az-a danışan TƏBİB-in işçi qrupunun üzvü, infeksionist Nilufər Məmmədova deyib. O bildirib ki, yoluxanların sayı yüksəlməyə davam edəcəyi halda bu xəstəlikdən qorunma qaydaları yenidən gündəmə gələcək.
“İlk növbədə maska gündəmə gələcək. Biz uzun zamandır, məsləhət görürük ki, qapalı məkanlarda, xüsusən də tibb müəssisələrində, ictimai nəqliyyatda, otellərdə insanlar könüllü surətdə maska taxmağa davam etsinlər. Simptomu olan xəstələr maska taxmağa daha ciddi əməl etməlidirlər. Asqırarkən və ya öskürərkən ağzın qapanması, sosial məsafənin gözlənilməsi, əllərin yuyulması, tez-tez otağın havalandırılması qaydasına riayət etsinlər”.
İnfeksionist qeyd edib ki, maskadan isifadənin məcburi hala gəlməsi yalnız Nazirlər Kabinetinin verdiyi qərardan asılı olacaq.
“Bu, yoluxma sayından və xəstəxanaların yüklənmə vəziyyətindən asılı olaraq verilən qərardır. Ona görə də, bu barədə yalnız onların qərarını eşitməliyik. Ancaq könüllü sürətdə biz insanları çağırırıq ki, ictimai nəqliyyatdan istifadə edərkən maska taxmağa ciddi riayət etsinlər”, - N. Məmmədova əlavə edib.
Qeyd edək ki, Operativ Qərargahın son məlumatına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Nərmin Vüqarqızı