Şəhidin övladı xüsusi təyyarədə təcili Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

 15:34 29.07.2022     1118

Vətən müharibəsi şəhidi Seymur Ələsgərovun 3 yaşlı övladı Eldarın səhhətində yaranan problemlərə görə Türkiyəyə göndərilib.

Bu barədə Redaktor.az-a "Yaşat" Fondundan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Eldar Ələsgərov Seymur oğlu səhhətində yaranan problemlərlə bağlı Neyrocərrahiyyə İnstitutunda müalicəyə başlayıb. Daha sonra vəziyyətinin ağırlaşdığı bildirilib və ixtisaslaşmış özəl tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı “YAŞAT” Fonduna müraciət daxil olub. 

Fond tərəfindən dərhal reaksiya verilərək elə həmin gün Eldar "Baku Medical Plaza"ya köçürülüb. İnfeksiyalı meningit diaqnozu ilə 2022-ci ilin 5 may tarixində əməliyyat olunub. 2022-ci ilin 15 iyun tarixinədək həmin klinikada stasionar  müalicəsi davam edib. Həkimlərin rəyinə əsasən 15 iyun tarixindən stasionar müalicə başa çatıb və  fizioterapiya ilə bağlı ambulator müalicəsi davam edib.

2022-ci ilin 26 iyulda Eldarın ailə üzvləri tərəfindən vəziyyətinin pisləşməsi ilə bağlı məlumat daxil olub və “YAŞAT” Fondu yenidən məsələni nəzarətə götürüb. Mütəxəssislər tərəfindən 28 iyul tarixində verilən rəyə əsasən şəhidimizin övladının müalicəsinin ölkədə davam etdirilməsinin mümkün olmadığı, vəziyyətinin kritik olduğu bildirilib və müalicənin davamının Türkiyə Respublikasında aparılması tövsiyə olunub.

Vəziyyətin ciddiyəti nəzərə alınaraq, elə həmin gecə Eldar Ələsgərov onun üçün xüsusi ayrılan ambulans təyyarə ilə “YAŞAT” Fondu tərəfindən Türkiyə Respublikasına göndərilib. Müalicə prosesi Eldar tam sağlamlığına qovuşanadək Fondun nəzarəti altında həyata keçiriləcək və yaranacaq bütün xərclər bundan sonra da Fond tərəfindən qarşılanacaq.

2222