Ötən ay zəhərlənənlərin sayı AÇIQLANDI

“İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib”.
Redaktor.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib. Onun sözlərinə görə, xəstələrdən 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
“Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-i sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-i etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-i allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-i ilan sancıb”,- məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, zəhərlənən şəxslərin 66-ı qadın, 72-i kişi, 20-i isə uşaq olub: “Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir”.
Xatırladaq ki, ötən ay KTM-ə 844 nəfər zəhərlənmə ilə bağlı müraciət edib.
Nərmin Vüqarqızı