Xəstəliklərə qalib gəlmək üçün necə immunitet qazanaq? - Həkim rəyi

“Əfsuslar olsun ki, koronavirus xəstələrinin sayı durmadan artır. Yoluxanların sayı sağalanların sayından dəfələrlə yüksək olması yeni dalğa ilə üz-üzə olduğumuzdan xəbər verir. Nəinki koronavirus, digər virus infeksiyaları immun sistemimizi zəiflətdiyi üçün bizi xəstələndirir. İmmun sistemi bizim orqanizmin xəstəliklərə qarşı dayanıqlı olduğunu göstərən sistemdir”.
Bu barədə Redaktor.az-a terapevt Sübhan Hacıyev xəstəlilklərlə mübarizədə insanların immunitetlərini necə gücləndirmələri barədə danışarkən qeyd etdi. Onun sözlərinə görə, immun sistemini gücləndirmək üçün konkret dərman yoxdur. Bunun üçün kompleks tədbirlər görülür.
“İmmun sisteminin aktiv olması ilk növbədə hər bir insanın şəxsi gigiyenasından başlayır. Bunun üçün gündə bir neçə dəfə əllərimizi və üzümüzü yumalıyıq. Maye, su balansını düzgün tutmaq lazımdır. Hər kəs öz çəkisini 30 mL-ə vuraraq aldığı rəqəm qədər gündəlik qazsız maye qəbul etməlidir. Mövsümi meyvələrdən həddindən çox istifadə etmək lazımdır. Orqanizmimizə lazım olan mikroelementlər –kalsium , maqnezium, sink, C və B qrupu vitaminlər hamısı mövsümi meyvələrdə var.
Sitrus meyvələrdən də çoxlu istifadə etmək lazımdır. Kivi, mandarin, portağal, naringi kimi meyvələr, giləmeyvələrdən də qarağat bu xəstəliklərdə effektivdir. Həddi aşmadan istifadə edilən zəncəfil, bal, süd məhsulları immun sistemimizi aktiv və möhkəm saxlayır”,- o dedi.
Həmçinin terapevt əlavə etdi ki, immun sistemini gücləndirmək üçün aktiv və passiv istirahəti balanslaşdırmaq vacibdir: “Bunun üçün günün 7-8 saatı yuxu rejimində olmamız lazımdır, qalan vaxtları biz aktiv həyatda olmalıyıq. Günün ən az 1 saatını idmana sərf etməliyik. Bunun üçün ən sadə idman növlərindən yürüyüş və ya velosipedlərdən istifadə köməyimizə çatır”.
Aktiv immun sistemi qazanmaq üçün uzunmüddətli xəstəliyə yoluxmamağın vacibliyini vurğulayan həkim onu da bildirdi ki, yoluxucu xəstəliklərdən qorunmağın ən yaxşı üsulları maskadan istifadə, ara məsafəsini qorumaq, şəxsi gigiyenaya riayət etməkdir.
“İctimai ərazilərdə əgər hər kəsin sağlamlığından əmin deyiliksə, maskadan mütləq istifadə etməliyik. Özünü nasaz hiss edən, xəstəliyi olan, xəstə olduğuna şübhə edən insanlar ilk növbədə maska taxmalıdır ki, digər sağlam insanları yoluxdurmasınlar. Bu zaman biz kollektiv immunitet qazanırıq və xəstəliklərə qarşı daha dayanıqlı olarıq”.
Nərmin Vüqarqızı