“Xəstələrın sayı artsa, dövlət sərt karantinə getməyə məcbur olacaq" - İnfeksionist

“Əgər xəstəxana şəraiti tələb olunan xəstələr çox olarsa, dövlət sərt karantinə getməyə məcbur olacaq".
Redaktor.az xəbər verir ki, bu barədə son günlər ölkədə koronavirusa yoluxanların sayının artması ilə bağlı danışarkən Səhiyyə Nazirliyinin infeksionisti Mərdan Əliyev dedi.
Onun sözlərinə görə, yoluxma sayında artma müşahidə edilir, amma karantin qaydalarının sərtləşdirilməsi tək yoluxma sayına bağlı olan məsələ deyil:
“Bu yalnız xəstəxana şəraiti tələb olunan xəstələrin sayından asılıdır. Əgər xəstəxana şəraiti tələb olunan xəstələr çox olarsa, və reanimasiyada yüklənmə qeyd olunarsa, o zaman dövlət sərt karantinə getməyə məcbur olar. Bilirsiniz ki, sərt karantinlər dövlətin iqtisadiyyatına ziyandır və insanların maddi rifahına təsir göstərir. Buna görə də belə hallara dövlət tərəfindən sərt kartantinlə bağlı qərarın verilməsinə dövlətin marağı yoxdur.”
"Qapalı məkanlarda yenidən maska taxmaq məcburi ola bilərmi?" sualının cavablandırarkən M.Əliyev qeyd etdi ki, oluxma sayının qarşısını almaq üçün tənəffüs yollarını qoruyan vasitələrdən, yəni maskalardan istifadə olunması böyük əhəmiyyətə malikdir:
“Maska xeyli dərəcə yoluxmanı azaldır. Əgər düzgün şəkildə istifadə olunarsa, yoluxma sayı 100 faizə qədər azala bilər. Hələ ki, maska taxmaq məcburi deyil. Amma yavaş-yavaş bu məsələyə doğru gedilir. Görünən odur ki, yaxın müddətdə həm qapalı yerlərdə, həm də ictimai nəqliyyatda, xəstəxanalarda maskaların taxılması böyük zəruriyyət olacaq. Hal-hazırda isə bu qadağalara baxmadan fərdi şəkildə maskadan istifadə etmək yaxşı olardı. Yəni kim ki, xəstədir, mütləq şəkildə maska istifadə etsin və digərlərinə yoluxdurmasın. Çünki zəncirvari şəkildə insanlar bir-birini yoluxdurur. Ona görə bu zəncirvari proses davam edir. Sonra fırlanıb gəlib özümüzə qayıdır. Amma bu mütləqdir ki, xəstə, qrip olan şəxs maskadan istifadə etsin.”
İnfeksionist onu da əlavə etdi ki, yaşlı, immunteti zəif olanların da xəstələnməmələri üçün maskadan istifadə etməsi məqsədəuyğundur.
Həmidə Rasimqızı