"Artıq maska taxmağın vaxtı yetişib" - İnfeksionist
Dünyanın bir sıra ölkələrində - Rusiya və Hindistanda koronavirusun Omikron ştamının daha yoluxucu variantı aşkar edilib. Hətta mətbuatda Rusiyada bu ştamın 2 yeni variantının yarandığına dair məlumatlar mövcuddur.
Bildiyimiz kimi, Azərbaycanın hava sərhədləri həm yerli əhali, həm də turistlər üçün açıqdır. Mövsümlə bağlı olaraq ölkəyə gəlib-gedənlərin sayında da artım müşahidə edilir. Bəs, bu halda yeni ştamların Azərbaycanda da yayılması gözlənilirmi?
Mövzu ilə bağlı TƏBİB-in işçi qrupunun üzvü, infeksionist Nilufər Məmmədova Redaktor.az-a danışdı.
O bildirdi ki, turist səfərlərinin çox olduğu aylarda yeni yaranmış ştamların bir ölkədən digər ölkəyə yayılması mümkündür:
“Mövsümlə əlaqədar olaraq turist səfərlərin sayı artıb. Bu səbəbdən yeni ştamların ölkələr arasında yayılması mümkündür. Yeni ştamların yayılması onların yoluxuculuq qabiliyyətinin yüksək olmasından asılıdır. Ştamların fərqli olmasına baxmayaraq, onlardan qorunma qaydaları eynidir”.
Yoluxma sayının gündən-günə artdığını vurğulayan N. Məmmədova qeyd etdi ki, gündəlik statistik rəqəmlərdən fərqli olaraq realda başqa görüntülərdir.
“İnsanların sıx təmasda olduğu və artıq maska taxma qaydalarına riayət olunmadığı bir zamandayıq. Bu səbəbdən xəstəliyin artması müşahidə oluna bilər. Covid-19 simptomu olub, test etməyən və yaxud da artıq sağalma mərhələsində test etdiyi üçün cavabı mənfi olan çoxsaylı xəstələr var. Bundan qorunmaq üçün, biz insanlara qapalı məkanlarda, əsasən də ictimai nəqliyyatda, tibb müəssisələrində, təyyarələrdə, otellərdə könüllü surətdə maska taxmasını məsləhət görürük. Belə deyək, artıq maska taxmağın vaxtı yetişib. Əsasən də, simptomu olan xəstələr tənəffüs və gigiyena qaydalarına daha ciddi riayət etməlidirlər. Maskadan istifadənin məcburi hala gəlməsi yalnız Nazirlər Kabinetinin verdiyi qərar əsasında olacaq. Bu, yoluxma sayından və xəstəxanaların yükləmə vəziyyətindən asılı olan bir qərardır.”,- deyə həkim əlavə etdi.
Şəms Həxiyeva













