Uşaqlar arasında yayılan virusla bağlı - RƏSMİ AÇIQLAMA

 11:12 20.09.2022     141

Hazırda uşaqlar arasında geniş yayılan infeksiyalarla bağlı rəsmi açıqlama verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev danışıb.

Ə.Quliyev qeyd edib ki, hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir:

“Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var. Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xəstəliyidir. Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıq kimi şikayətləri olur.

Adenovirus hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksion xəstəliyidir. Bu zaman isə şikayətlər hər nə qədər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır. Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntısı, öskürək, gözlərdə qızarıqlıq (konyuktivit) kimi əlamətlər olur.

İnfluenza (qrip) virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Anidən başlayan yüksək hərarət (38°С-39°С), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedişatı əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddəti müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər”.

Həkim infeksiyalarla bağlı valideynlərə öz tövsiyələrini çatdırıb:

“Qeyd etdiyimiz infeksiyaların hər üçündə yanaşma simptomatikdir. Müalicə yalnız əlamətlərə uyğun təyin olunur. Rotavirus və adenovirusun müalicəsi zamanı əsas məqsəd dispeptik əlamətləri aradan qaldırmaq və hərarəti salmaqdır. Valideynlərə tövsiyəmiz odur ki, belə hallarda qızdırmanı salan dərmanlardan istifadə etsinlər və bol maye qəbulunu təmin etsinlər. Əgər uşaqda qızdırmasalıcı dərmanlara tabe olmayan temperatur, maye itkisinə bağlı olaraq halsızlıq, yorğunluq, iştahsızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir.

İnfluenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməyə başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlərində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutqunluğunu aradan qaldırmaq, bol maye qəbulu və istirahəti təmin etmək vacib şərtlərdəndir. Bundan əlavə, valideynlər həkimlə mütəmadi əlaqə saxlamalıdırlar. Bilməlisiniz ki, qripin başlanğıcında fəsadların inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yalnış fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olduğu qayda ilə qəbul edilə bilər”.