İlk dəfə ana südündə plastik tapıldı

 17:15 08.10.2022     210

İlk dəfə ana südündə mikroplastiklər tapılıb. Tədqiqatçılar bu vəziyyətin körpələrin sağlamlığına mümkün təsirlərindən narahatdırlar.

Redaktor.az  xəbər verir ki, araşdırma İtaliyanın paytaxtı Romada yeni doğmuş 34 sağlam anadan götürülmüş süd nümunələri üzərində aparılıb.

Araşdırma nəticəsində süd nümunələrinin 75 faizində mikroplastiklər aşkar edilib. Körpələr kimyəvi tərkibə daha həssas olsalar da, onları qidalandırmaq üçün ən yaxşı seçim ana südüdür. Buna görə elm adamları təcili olaraq daha çox araşdırmaya ehtiyacın olduğunu bildiriblər.

Əvvəlki araşdırmalar mikroplastiklərin insan hüceyrələrinə, laboratoriya heyvanlarına və vəhşi dəniz canlılarına necə mənfi təsirləri göstərdiyini aşkar edib.

İtaliyada araşdırma aparan alimlər qeyd ediblər ki, analar plastik qablarda gigiyena vasitələrindən istifadə edir, plastik qablaşdırmada qida və içkilərlə birlikdə dəniz məhsulları istehlak edirlər. Ancaq bununla mikroplastiklər arasında birbaşa əlaqə tapılmayıb.

Bu səbəbdən insanların ətraf mühitə səpələnmiş mikroplastiklərə qaçınılmaz şəkildə məruz qaldığı düşünülür.

Bununla belə, daha böyük tədqiqatlar müəyyən risk faktorlarını aşkar edə bilər. Araşdırmanın nəticələri “Polimer” araşdırma jurnalında dərc olunub.

“Guardian” qəzetinə danışan Marche Politexnik Universitetindən Dr.Valentina Notarstefano "Ana südündə mikroplastiklərin olması, daha çox həssas olan körpələr haqqında narahatlıq doğurur" deyib.

Amma o əlavə edib ki, ana südünün üstünlükləri mikroplastiklərin zərərlərindən qat-qat çoxdur. Notarstefano bu cür araşdırmaların ana südünün istifadəsinə mənfi təsir göstərməməli olduğunu vurğulayıb.

Su butulkalarından tutmuş, plastik torbalarda satılan qidaya qədər qablaşdırılmış məhsulların istifadəsi artdıqca plastik tullantılar da artıb. Bu, təbiətdə mövcud olan mikroplastiklərin miqdarını artırıb.

Dr.Notarstefano bildirib ki, bu çirklənməni azaltmaq üçün ictimai məlumatlandırma yaradılmalıdır. O, hamilə qadınlara da xəbərdarlıq edib ki, tərkibində plastik olan qida və içkilərdən istifadə edərkən, kosmetika və diş pastalarından istifadə edərkən, sintetik parçalardan istifadə edərkən diqqətli olsunlar.

Qeyd edək ki, bu yaxınlarda edilən başqa bir araşdırma, butulka ilə qidalanan körpələrin hər gün milyonlarla mikroplastik qəbul etdiyini və inək südünün də mikroplastikləri ehtiva etdiyini ortaya qoyub.