"20 dəqiqədən sonra oradakı şüalar gözlərə birbaşa təmas edərək..." - Həkimdən ciddi XƏBƏRDARLIQ
"Bizi ən çox narahat etməli olan məsələ uşaqların internetdən istifadəsinin kütləviliyi olmalıdır. Bu gün yetkinlik yaşına çatmayan uşaqların əksər hissəsi asudə vaxtlarını internetdə keçirirlər".
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirilən konfransda deyib.
"Uşaqların əksəriyyəti 5 saatını internetdə keçirir. Bu, ciddi narahatlıq doğurur. Oğlanlarda internetdə vaxt keçirməsi nisbəti qızlarla müqayisədə daha çoxdur", - deyə o, bildirib.
Maraqlıdır, inkişaf dövründə olan yeniyetmələrin internetdən bu qədər çox istifadə etməsi onlarda hansı sağlamlıq problemi yarada bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, bütün ailələrdə uşaqların ən çox telefon ilə oynadığı bir dövrə gəlib çıxmışıq və bu sağlamlıq baxımından uşaqlara olduqca mənfi təsir edir:
“İlk növbədə onların gözünə ziyandır. Çünki nə qədər çox telefon ekranına baxarlarsa, 20 dəqiqədən sonra oradakı şüalar gözlərə birbaşa təmas edərək çox ciddi zərər verməyə başlayır. Nəticədə zəiflik və hətta korluğa qədər gətirib çıxara bilər. Odur ki, uşaqların eynək taxmalarını çox erkən yaşlardan müşahidə edirik.
Digər bir məsələ isə onların onurğa sütunlarının düzgün formalaşmaması olur. Xüsusilə də, boyun fəqərələrində olan əyriliklər dayaq hərəkət sistemində öz mənfi təsirlərini bildirir”.
Terapevt onu da vurğuladı ki, internetdən çox istifadə edən uşaqlar arasında psixoloji problemlər də yaranır.
“Bu uşaqlar az danışan olurlar, ətraf mühiti ancaq telefonlardan öyrənməyə meylli olurlar və ətraf mühitdəki insanlarla münasibət qurmaq istəmirlər. Bu cür amilləri nəzərə alaraq uşaqların əlindən telefonu alıb, onları mütləq şəkildə digər məşğələ növləri ilə təlimatlandırmaq lazımdır. Həmçinin bu uşaqlara vaxt ayırmaq, onlarla istər elmi, istər də əyləncə tərəfdən zaman keçirtmək lazımdır”, - deyə S.Hacıyev vurğuladı.
Nərmin VÜQARQIZI












