Altsheymer xəstəliyini simptom olmadan necə aşkarlamaq olar?
İsveçin Lund Universitetinin alimləri Altsheymer xəstəsi olan insanlarda hər hansı bir simptom görünməzdən əvvəl onları müəyyən etmək üçün bir üsul tapıblar.
Redaktor.az xəbər verir ki, bu barədə tədqiqat "Nature Medicine" jurnalında dərc olunub.
Araşdırmada İsveç, ABŞ, Hollandiya və Avstraliyadan olan 1325 nəfər iştirak edib. İştirakçılar tədqiqatın əvvəlində heç bir idrak pozğunluğu yaşamayıblar. Alimlər PET skanerindən istifadə edərək iştirakçıların beynində tau zülallarının və beta-amiloidlərin mövcudluğunu vizuallaşdırıblar. Əvvəllər bu zülallar Altsheymer xəstəliyinin inkişafı ilə əlaqələndirilirdi.
Məlum olub ki, beyində bu iki zülalın olması xəstəliyin inkişaf riskini 20-40 dəfə artırır. Bu zaman beyində dəyişikliklər ilk simptomlardan 10-20 il əvvəl baş verir. Alimlər hesab edirlər ki, ilk idrak pozğunluğundan əvvəl xəstəliyin diaqnozunu qoymaq mümkün olarsa, xəstələr Altsheymer dərmanlarından istifadə edərək xəstəliyi çox erkən mərhələdə ləngidə bilərlər. Məsələn, bu yaxınlarda klinik sınaqlarda effektivliyi sübut edilən lekanemab dərmanı kimi.
Fiziki fəaliyyət və yaxşı qidalanma ilə birlikdə dərman preparatları ilə müalicə xəstələrə gələcək koqnitiv pozğunluqların qarşısını almaq və ya ləngitmək üçün daha yaxşı şans verəcəkdir. Ancaq yaddaş itkisi hələ inkişaf etməmiş insanlar üçün müalicə tövsiyə edilməzdən əvvəl daha çox araşdırma tələb olunur(big.az).












