"Özümüzü qorumaq üçün maskadan istifadə etməliyik" - İnfeksionistdən ÇAĞIRIŞ

 16:43 01.12.2022     561

Xəbər verdiyimiz kimi, Fransada COVID-19 pandemiyası yenidən baş qaldırıb. Ölkədə gündəlik 50 mindən çox yeni yoluxma qeydə alınıb və son 24 saatda 88 nəfər bu virusun qurbanı olub.

Bir müddət öncə isə Çində koronavirusa yoluxma sürətlə artıb. Ölkə ərazisində bəzi məhdudiyyətlər yenidən gündəmə gətirilib.

Maraqlıdır, dünya ölkələrində koronavirusa yoluxmanın artması Azərbaycana necə təsir edəcək?

Sualımızı cavablandırması üçün infeksionist Mərdan Əliyev ilə əlaqə saxladıq. O, Redaktor.az-a bildirdi ki, Çində yoluxmanın artmasına səbəb orada əvvəldən çox güclü karantin qaydaları elan edilməsi və buna görə insanların uzun zaman virusla təmasda olmamasıdır.

“Amma bizdə vəziyyət bir qədər fərqlidir. Hər kəs bizdə bu virusla müəyyən dərəcədə təmasda olub. Kollektiv immunitetin formalaşması ilə əlaqədar təbii şəkildə yoluxmada azalma müşahidə edildi. Yəni koronavirusla bağlı Azərbaycanda ciddi vəziyyət müşahidə edilmir və edilməyəcək. Amma Çindəki artmalar yüngül formada bizə də təsir göstərə bilər. Lakin rəqəmlər ciddi olmayacaq.

Payız mövsümü ilə əlaqədar koronavirus olmasa da, digər kəskin respirator infeksiyalar, yəni tənəffüs yolu xəstəliklərini törədən viruslar çoxdur, yayılıb və mövsümi infeksiyalardır. Uşaqlar və böyüklər arasında müşahidə edilir. İndi yayılan viruslar ara qripdir. Bu da boğulma tutmaları, uşaqlarda isə daha çox ağciyərlərdə xışıltılar ilə müşahidə olunur. Bu xəstəliyə böyüklər də yoluxa bilir. Tədricən başlayanda boğaz ağrısı, burunda bir günlük tutulma və axma, mülayim qızdırma, kəskin bronxit (bəlğəmli öskürək) müşahidə edilir”, - deyə həkim qeyd etdi.

İnfeksionist onu da əlavə etdi ki, mövsümi xəstəliklərdən qorunmaq üçün bir sıra tədbirlər görmək vacibdir:

“Havaların soyuması ilə əlaqədar olaraq orqanizm istidən soyuq mühitə adaptasiya ola bilmir və belə olan halda immun sistemi zəifləyir, bu zaman da, xəstəlik həssaslaşır. Buna görə də, qalın geyinmək, özünü soyuğa verməmək, çoxlu maye, xüsusən də, isti içkilər qəbul etmək lazımdır. Digər tərəfdən havalandırmaya fikir vermək lazımdır. Gündə 2 dəfə - səhər və axşam evin havasını dəyişmək, qidaya diqqət etmək, normal yatmaq lazımdır.

Bu xəstəlik qapalı yerlərdə və insanların sıx olduğu - ictimai nəqliyyatda, xəstəxanalarda, uşaq bağçalarında, məktəblərdə yayılır. Maskalardan imkan daxilində özümüzü qorumaq üçün istifadə etməliyik. Sosial məsafəyə diqqət etməliyik. Əgər uşaqlar xəstədirsə, gərək onları bağçalara, məktəblərə göndərməyək. Uşaqlarla bağlı ən azı 1-2 həftə xəstəlik dövründə ehtiyatlı olmaq lazımdır”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən