"Gözüyumulu 5 dəqiqə fasilə edin" - Həkimdən çox vacib MƏSLƏHƏTLƏR

 16:03 30.12.2022     9763

Müasir dövrümüzdə kompüter və digər elektron cihazlardan istifadə insan sağlamlığına, xüsusilə gözlərə ciddi ziyan verir. Gün ərzində kompüterdən, noutbukdan, smartfondan həddindən artıq istifadə bir sıra göz xəstəliklərinə və zəifləmələrə gətirib çıxarır. Adətən monitor qarşısında olan insanların gözləri bir nöqtəyə zillənir və nəticədə göz yorulur. Normal vəziyyətdə bir dəqiqə ərzində 25 dəfə gözü qırpmaq lazımdır. Amma bu halda isə göz qırpma 10 dəfə azalır.

Bəs gözlərimizi mavi işıqdan qorumaq üçün nə etməliyik?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-oftamoloq Aynurə Əliyeva qeyd etdi ki, kompüter və digər elektron cihazlardan sutka ərzində maksimum 4 saat istifadə etmək lazımdır:

“4 saatdan artıq istifadə etdikdə isə gözdə yorğunluq yaranır. Mavi işıq spektrinın gözə yorucu təsiri görmə qabiliyyətini və gözdəki yorğunluğun daha tez yaranmasına səbəb olur. Adi kompüterlə işləməyən şəxs 6 saat kitab oxusun yorulur, kompüterdən, monitordan istifadə edən şəxs isə ondan daha tez yorulur. Məsələn, kimsə uzanıb, dərhal yatmır, yuxuya gedə bilmir. Amma insan var ki, qaranlıqda televizorun qarşısında uzanır, onun təsirindən 10 dəqiqədə beyin yorulur, göz yorulur və avtomatik adam yatır. Bu da bunun sübutudur. Və texnikanın istifadəsinə qəti məhdudiyyət qoyulmur. 3 yaşına qədər uşaqlara qəti olmaz. 3-5 yaş arası uşaqlara 1 saat fasilələrlə icazə var. 5 yaşından sonra məktəblilərə isə məktəbdə lazımi olduğu müddətdə istifadəyə icazə var. Qalan yeniyetmələr və ümumiyyətlə, işi monitorla əlaqəli olan istənilən şəxs - cavan, yaşlı fərqi yoxdur, - iş saatından asılı olmayaraq 40 dəqiqə işləyib 5-10 dəqiqə fasilə verməlidir. Fasilə müddətində isə uzağa baxmaq lazımdır. Bəzən kompüterlə işləyən adam 40 dəqiqə işlədikdən sonra fasilə elan edir, amma gedib telefona baxır. Fasilə deyəndə telefondan istifadə etmək nəzərdə tutulmur. Ya maksimum uzağa baxmaq lazımdır ki, göz rahatlasın, ya da gözüyumulu qaranlıqda 5 dəqiqə fasilə etmək lazımdır. Loru dildə buna görmə gigiyenası deyilir. Əgər buna riayət olunsa, onda görmə daha az yorulacaq və biz görməmizi qorumuş oluruq”.

Oftamoloq onu da qeyd etdi ki, gözləri qorumaq üçün xüsusi qoruyucu ekranlardan istifadə etmək lazımdır:

“Gözləri qorumaq üçün isə monitorlar var ki, onların üzərində üzlük kimi xüsusi qoruyucu ekranlar olur. Ən müasir kompüterlər artıq hazır olaraq qoruyucu örtüklü istehsal olunur. Kompüterlərə ümumi işıqlanmış fonda baxmaq lazımdır. Yəni qaranlıqda telefona da, planşetə də baxmaq ziyandır. Ona görə ümumi işıqlandırılmış fonda monitoru istifadə etmək olar. Amma qaranlıqda baxsaq, xüsusilə axşam saatlarında daha çox zərər verir. Bir də telefonlarda xüsusi gecə və gündüz rejimi var. Arzu olunardı ki, gecə rejimi seçilsin, çünki monitorda olan mavi işıq spektri gündüz işığına uyğun olaraq sarı spektrinə keçir. Bu da gözə daha az zərər verir. Avropa ölkələrinin bəzilərində - İspaniyada, Portuqaliyada - araşdırmalar aparılıb ki, mavi işığın gözə təsirivarmı, yoxmu. Araşdırmalardan belə qənaətə gəliblər ki, yaşlılarda qocalıqla əlaqədar olaraq degenerasiya göz dibinin makulodistrofiyası adlanır. Bu makulodistrofiya həmin o mavi işıq spektrinın təsirindən yaranma sürəti daha da artır. Adi telefon istifadə etməyən adamlarda, məsələn 55-65 yaşdan sonra ortaya çıxacaqdısa, monitor istifadə edən adamlarda göy işığın təsirindən yaranmış makulodistrofiya sürətlə inkişaf edir və görmə daha da pisləşir. Ona görə də çox vaxt deyirlər elə də təsiri yoxdur, sadəcə yorğunluqdur. Amma belə mənfi təsiri var. Həmçinin həmin bu mavi işıq spektri gözü daha tez yorduğuna görə orqanizmdə yuxu pozğunluğuna səbəb olur. Yuxu pozğunluğuna da səbəb olduğuna görə nevroloji təsir edir və insan daha tez yorulur”, - deyə Aynurə Əliyeva bildirdi.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən