Xalq təbabətinin FAYDALARI
Xalq təbabəti dedikdə hər hansı xəstəliyin müalicəsi və ya qarşısının alınması üçün bitki mənşəli dərmanlarla, təbii otlarla, bitki köklərilə, dəmləmələrlə müalicəsi nəzərdə tutulur. Bu müalicə üsulu müasir tibb dövründən əvvəl müxtəlif cəmiyyətlərin, o cümlədən yerli xalqların inancları çərçivəsində nəsillər boyu inkişaf etmişdir.
Bu gün də dünya əhalisinin bir hissəsi, xüsusən bəzi Asiya və Afrikada yaşayan insanların 80 faizə qədəri ilkin səhiyyə ehtiyacları üçün xalq təbabətindən istifadə edir.
Elə ölkəmizdə də xalq təbabətindən istifadə edənlər az deyil. Bəs, bitki kökləri, otlar sağlamlığımız üçün nə dərəcədə faydalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təbii üsullarla müalicə üzrə mütəxəssis, həkim Seyfəddin Əsəd bildirdi ki, min dərdin minbir dərmanı təbiətdə var.
“Onlar bitkinin yarpağında, çiçəyində, gövdəsində, kökündə də var. Və təbii ki, xəstəlikdən asılı olaraq dəyişir. Tutaq ki, kiminsə bədənində duz yığıntıları var, daşyarpızı, daşqapan, qatırquyruğu və yaxud itburnu meyvəsinin dəmləməsini, dazıotu qəbul edir. Və ya birinin öskürəyi var. Öskürəkdən azad olmaq istəyir və biyan kökündən istifadə edir. Eyni zamanda dəri xəstəliyi olanlar da biyan kökündən məlhəm kimi qəbul edə bilər. Hazırda mövsümü xəstəliklərin daha tez rast gəlinən dövrüdür. Heyvanın kiçik tumurcuqlarını, budaqlarını dəmləyib içirsən öskürəyin qalmır. Saçı tökülməsi üçün isə müalicə məqsədilə giciktənin yarpaqlarını, gövdəsini, çiçəklərini dəmləyib həmin su ilə saçı yuduqdan sonra yaxalamaq olar. Dediyim kimi, minbir dərdin dərmanını Allah təbiətdən insanlara verib. İnsanların da borcudur ki, onu bilsin, tətbiq etsin və sağlamlığını tam zərərsiz şəkildə müalicə etsin”.
Həmidə İbrahimova












