Niyə yata bilmirik? - Nevroloqdan açıqlama

Yuxusuzluq insanın yuxuya getməsinə mane olan və ya yata bilməməsinə səbəb olan yuxu xəstəliyidir.
Araşdırmalara görə, yuxusuzluq halları qadınlarda daha çox rast gəlinir. Keyfiyyətli yuxu insan sağlamlığı üçün vacibdir. Bu problem insanın sosial və iş həyatında müxtəlif problemlərə yol aça bilər. Yuxu problemi olan insanlar zehni və fiziki cəhətdən özlərini pis hiss edirlər.
Bəs, yuxusuzluq və bu problemi yaradan səbəblər hansılardır? Yuxu dərmanlarının faydaları nədir və ümumiyyətlə, zərərləri varmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-nevroloq Qalib Əsədov bildirdi ki, yuxusuzluq həkimə gələrkən xəstələrin əksəriyyətinin ifadə etdiyi, söylədiyi şikayətlər qrupuna aiddir.
Onun sözlərinə görə, orqanizmin daxili orqanlarında və ya sinir sistemində olan istənilən problem yuxunun qaçmasına, onun pozulmasına gətirib çıxarır:
“Məsələn, hər hansı xəstəlik keçirmişik, mədə yarası, bağırsaqlarda, ürəkdə, ağciyərlərdə problem, tənəffüsün çətinləşməsi zamanı təbii ki, yuxu qaçacaq. Eyni zamanda psixoloji problemlərdə yaşadığımız stress, gündəlik həyatda aldığımız psixoloji travmalar, əhval ruhiyyənin pozulması, həyəcan, gərginlik, bunlar da yuxunun qaçmasına gətirib çıxarır. Yuxu pozulmasının səbəblərindən biri də beyin qan dövranının pozulmasıdır. Bəzən beyin qan dövranın pozulmasının erkən əlaməti yuxunun qaçması, yuxunun səthi olması və sairdir. Ona görə yuxu pozulmasına istənilən faktla ciddi yanaşmaq və bu səbəbi aradan götürmək lazımdır“.
Həkimin sözlərinə görə, bəzən yuxusuzluqdan əziyyət çəkənlərin yuxu dərmanlarında mütəmadi istifadəsi asılılıq yaradır:
“İnsanlar həkimə müraciət etmədən çox vaxt özləri yuxu dərmanları alıb istifadə edirlər. Bu dərmanlar birinci növbədə vərdiş, asılılıq yaradır. İnsan artıq o dərmanlardan asılı vəziyyətə düşür. İkincisi də səbəbi tapmadan təkcə yuxu dərmanları qəbul etmək, xəstəliyin daha da inkişafına, daha da pisləşməsinə gətirib çıxarır. Tutaq ki, xəstədə beyin qan dövranı pozuntusu başlayıb və o yuxu dərmanı qəbul edir. Amma burada beyin qan dövranını yaxşılaşdıran dərmanlardan istifadə etmək yuxunun öz başına yaxşılaşmasına gətirib çıxara bilərdi. Və yaxud da insan depressiyadadır, yuxusu qaçıb və yuxu dərmanı qəbul edir. Belə zamanda antidepressantların qəbulu daha yaxşı təsir edər, nəinki yuxu dərmanları. Yadda saxlamaq lazımdır ki, istənilən dərman zəhərdir, ancaq doza onları dərman edir və düzgün istifadə etmək effekt yaradır. Ona görə də əgər insanda problem, narahatlıq varsa, vaxtında həkimə müraciət etməli və yuxusuzluğu yaradan səbəb ortadan götürülməlidir“.
Həmidə İbrahimova