İnsanlar niyə əsnəyir?

Əsnəmək yaşından asılı olmayaraq bütün insanların etdiyi təbii bir hərəkətdir. Yorğunluq, cansıxıcılıq və ya yuxululuq əlaməti hesab olunur. Xüsusilə insanların sıx olduğu mühitlərdə əsnəmək kobud jest hesab edilsə də, insanların sağlamlığı üçün faydalı olduğu sübuta yetirilib.
Maraqlıdır, insanlar nə üçün əsnəyir?
Mövzu ilə bağlı həkim-terapevt Sübhan Hacıyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, çox vaxt boşluqdan əmələ gələn bir vəziyyətdir:
“Əsnəmək bir hipoksiyanın, yəni beyinə oksigen çatışmazlığının əlamətidir. Bu vaxt insan daha çox havanı ağız boşluğu ilə daxilə qəbul edir və nəticədə beynin oksigenlə zənginləşməsi daha da artmış olur. Heç bir xəstəlik əlaməti deyil. Bəzən yoluxucu ola bilir, çünki bir əsnəyən insan digərlərini də təbii ki, əsnədə bilir, amma ümumi fizioloji bir haldır, hər hansı bir patologiyaya səbəb olmur”.
Qeyd edək ki, təkcə insanlar yox, bütün onurğalı heyvanlar əsnəyir.
Yalnız insanlarda, şimpanzelərdə, canavarlarda və itlərdə əsnəmək yoluxucudur. Amma əsnəməyin yoluxucu olma səbəbləri məlum deyil. Bəzi fikirlərə görə, bu, empatiyaya görə baş verir.
"Bu, tamamən psixoloji bir amildir. Amma bu barədə tibbi araşdırmalar aparılmayıb",- deyə həkim vurğuladı.
Nərmin VÜQARQIZI