Dəridə yaranan quruluğun qarşısını necə almaq olar? - AÇIQLAMA

 17:55 26.12.2022     534

Soyuq qış aylarında bir çox insanlar əllərinin, dodaqlarının quruması, həmçinin çatlamasından şikayət edirlər. Belə problemlər estetik görünüşü pozmaqla yanaşı, bəzi hallarda ekzemaya qədər gətirib çıxara bilir.

Maraqlıdır, bu cür problemləri yaşamamaq üçün hansı tədbirləri görmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən dermatoloq-kosmetoloq Ramil Qocayev bildirdi ki, bu problemlərin yaranması havanın ayaz olması ilə əlaqədardır.

“Havalar soyuyanda insanların əlini ayaz vurur. Çox vaxtı kontakt-allergik dermatit başlayır, dəri quruyur, çatlayır, sulanır, qaşınır və sair. Müəyyən tip insanlar var ki, soyuğa qarşı allergiyası olur, soyuq onlara çox pis təsir edir. Eyni zamanda yuyucu vasitələr və s. kimi kimyəvi maddələrdən istifadə də bu problemi daha da artırır. Nəticədə bu nahiyələrdə çat, qaşınma, hətta bəzən qanamaya qədər gedib çıxa bilər. Dəridə qalınlaşma və s. olur”,- deyə dermatoloq vurğuladı.

Kosmetoloq dəri quruluğunun qarşısını almaq üçün daim nəmləndirici, yumşaldıcı olaraq kremlərdən istifadə etməyi tövsiyə etdi. Onun sözlərinə görə, bununla dərini quruluqdan qorumaq və problemin qarşısını almaq olar:

“Belə halda insanlar qoruyucu kremlər kimi müəyyən vasitələrdən istifadə edirlər. Bu vasitələr müvəqqəti kömək edir, amma sonra yenə başlayır. Ona görə də qışa hazırlıq kimi bir anlayış olmalıdır. O insanlar qışa hazırlaşmalıdır ki, demək olar ki, mart ayından aprel ayına qədər bu problem insanlarda olur. Ona görə də, əli nəmli saxlamaq, yaxşı məhsullardan istifadə edib nəmləndirmək lazımdır. Lazım olanda həkimə gedib əvvəlcədən müalicə almaq lazımdır. Dodaqların, əllərin, bəzən də ayaqların quruması hamısı eyni xəstəlikdir. Dodaq üçün də müəyyən nəmləndiricilər var ki, onları da tətbiq etmək lazımdır. Eyni zamanda daxildə hər hansı bir problem və ya vitamin çatışmazlığı varsa, bu da aradan qaldırılmalıdır”.

Nərmin VÜQARQIZI