"İmmun sistemini gücləndirmək üçün hansısa qida yoxdur" - Həkim
İmmunitet xaricdən gələn zərərli mikroorqanizmlərə (bakteriyalar, viruslar, göbələklər və s.) qarşı bədənin özünün qoruması və xəstəliyin yaranmasını əngəlləyən lazımlı olan bir sistemdir. Xüsusilə, qış aylarında havalar soyuduqca günəş işığından yararlana bilməmək, evdə qalmaq, hərəkətsizlik kimi amillər həm immunitet sisteminə, həm də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu vəziyyətdən asılı olaraq da, bədəndə qan şəkərinin səviyyəsinin dəyişməsi, çəki artımı və ürək-damar xəstəlikləri kimi problemlər yarana bilər.
Bəs, qışda immuniteti qaldırmaq üçün nə etməliyik?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim Lalə Alcan bildirdi ki, əslində qış aylarında immunitet zəifləmir.
“Sadəcə virusların virulentliyi və bizim virus xəstəliklərə yoluxmağımızın rast gəlmə tezliyi artır. Bir də soyuqdəymələr ola bilir. Amma immun sistemini gücləndirmək üçün hər hansı bir formul olaraq qida yoxdur. Sadəcə D vitamininin qanda miqdarına nəzarət olunmalıdır. Yağlı qidalardan yay aylarında, qış aylarında maksimum dərəcədə uzaq durmaq lazımdır. Daha çox ət məhsulları istifadə etmək lazımdır. Yəni meyvələr vitamindir deyə, çox yemək olmaz. Meyvənin özünün zərərli təsirləri çoxdur”,- deyə həkim qeyd etdi.
Həmidə İbrahimova












