"Yeni pandemiyalar ola bilər" - Harmancı

 10:48 16.12.2022     400

Pandemiya təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğunu göstərdi. Məqsədimiz bu istiqamətdə ciddi təkmilləşdirmələri həyata keçirməkdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

H.Harmancı qeyd edib ki, bütün dünyada və Azərbaycanda pandemiya bəlli səviyyənin altındadır:

"Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibbi sistemləri gücləndirməkdə fayda var".

O qeyd edib ki, hesablamalara görə aşağı və orta gəlirli ölkələrdə ölümlərin təxminən yarısı və əlilliyin üçdə bir hissəsi effektiv təcili yardımın tətbiqi ilə aradan qaldırıla bilər:

“Bu baxımdan təcili yardım sistemləri səhiyyənin vacib hissəsidir və bütün dünyada bir çox insan üçün səhiyyə ilə ilk əlaqə nöqtəsi kimi xidmət göstərir. COVID-19 pandemiyası zamanı təcili tibbi yardım xidmətlərinə olan tələbatın kəskin artması bir daha göstərdi ki, təcili yardım sistemləri ictimai səhiyyə böhranlarına qarşı mübarizədə də böyük əhəmiyyətə malikdir. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi vasitəsilə təcili yardım sistemi və xidmətlərinin, bu sahədəki təlimlər və standartların təkmilləşdirməsini dəstəkləməyi nəzərdə tutur. Bu məqsədlə 12 dekabrda “Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi həftəsi tədbirləri” başlatmışıq.

Həftənin məqsədi təcili yardim sistemləri sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək, bu sahədə təlimlər keçmək, eləcə də, insanların həyatını xilas etmək üçün kardiopulmonar resusitasiya vərdişlərinin öyrənilməsinin vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Son 4 gün ərzində 70-dən çox səhiyyə və qeyri-səhiyyə işçisi Yeni Klinika, Kliniki Tibbi Mərkəz və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzindəki təlimlərimizə qatılıb. İnanırıq ki, həftə, o cümlədən bugünkü simpozium və sabaha nəzərdə tutulan işçi qrupun görüşləri layihənin məqsədlərinə çatmaq üçün ilkin addım olacaq və təcili tibbi yardım işçilərinin, səhiyyə orqanlarının, qərarqəbuledici şəxslərin və ictimaiyyətin bu səhədə birgə çalışmasını təşviq edəcək".