Səhiyyə Nazirliyinin ekspertindən müraciət: "İnsanların çox toplaşdığı yerdən yayının"
Son günlər həm ölkəmizdə, həm də dünyada koronavirusa (COVİD-19) yoluxmada artım müşahidə olunur. Dünyada ötən həftə ərzində COVID-19-a yoluxma halları 2 faiz, ölüm halları isə 10 faiz artıb.
Bəs, bu hallar yenidən hansısa qapanmalara gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi ki, yeni koronavirus pandemiyası davam etməkdədir.
Onun sözlərinə görə, pandemiya dövründə görüldü ki, bu infeksiya dalğavari şəkildə yayılaraq müəyyən dövrlərdə yoluxma hallarının sayı artıb və azalır:
“Xüsusən də nəzərə alsaq ki, bu infeksiyanın yoluxma mexanizmi hava damcı üsuludur. Bu üsul ilə yayılan bütün kəskin respirator infeksiyaların soyuq aylarda daha sürətlə yayılması üçün əlverişli şərait var. Və zaman keçdikcə təbii ki, insanların əldə etdiyi immunitet, yəni kütlə immuniteti azalmağa doğru gedir. Belə olan hallarda təbii ki, yoluxma hallarında artımlar ola bilər. Əslində, əvvəlcədən proqnozlaşdırdığımız kimi belə artımlar gözləniləndir. Amma kifayət qədər gərgin situasiyanın olması haqqında düşünmürük. Artıq virusun mutasiya olunmuş “Omikron” ştammı kifayət qədər yüngül keçir. Bunun hesabına əksər insanlar xəstəliyi ambulator şəraitdə keçirirlər. Və xəstəxanalara yatış hallarının sayı çox azdır. Bu baxımdan, təbii ki, hansısa ciddi qapanmalara getmək və yaxud da əvvəlki illərdə olduğu kimi karantin tədbirlərinə ehtiyac yaranmayacaqdır. Yəni hesab edirik ki, müəyyən müddətdən sonra artımlar olsa belə, bunlar sıçrayışlı olmayacaqdır. Yoluxma hallarının sayı yenidən əvvəlki kimi aşağı vəziyyətə düşəcəkdir”.
Təyyar Eyvazov virusdan qorunma hallarından da danışdı:
“Qorunma tədbirləri yenə də universaldır. Dediyimiz kimi, qapalı yerlərdə maska geyinməli, otaqları havalandırmalıyıq, çünki soyuq aylarda bu, daha az baş verir. Müəyyən qədər məsafə gözləməli, insanların çox toplaşdığı yerdən yayınmalı və ən əsası isə o insanlar ki, peyvənd alıblar, amma tamamlanmayıb, yəni “Buster“ dozu almayıblar, onlar bu prosesi tamamlamalıdırlar. Bu xüsusən də risq qruplarına aiddir. Yenə də insanlarlar soyuq aylarda diqqətli olmalıdırlar. Əgər özlərində, fərq etməz, istər respirator virus infeksiyalarının əlamətləri, istər koronavirus, istərsə qrip əlamətləri kimi ümumi toksikoz əlamətləri baş veribsə, özlərini təcrid etməlidirlər. Və lazım gələrsə, həkimə müraciət etməlidirlər“.
Həmidə İbrahimova












