"Uşaqların məktəb və bağçalara xəstə halda getməsi təhlükəlidir" - həkim-infeksionist

 14:49 21.12.2022     386

Qış mövsümünün başlaması özü ilə də bir sıra xəstəlikləri gətirir. Son günlər isə insanlar arasında qızdırma olmadan baş ağrısı, qrip, öskürək kimi əlamətlərə rast gəlinir.

Bəs, bu simptomlar yeni bir virusdan xəbər verə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-infeksionist Nicat Əzimli bildirdi ki, həmişəki mövsümi viruslardır.

Onun sözlərinə görə, hazırda ən çox rastgəlinən Influenzavirus (qrip), koronavirus, Respirator sinsitial virusudur (RSV).

“RSV daha çox azyaşlılarla və qocalarda özünü kəskin əlamətlərlə göstərə bilər. Lakin, qrip və COVİD orqanizmdən asılı olaraq hər yaş qrupunda bariz simptomlarla müşahidə oluna bilən xəstəliklərdir“.

N.Əzimli viruslardan qorumaq üçün bir sıra profilaktik tədbirlərdən də danışdı:

“Klassik üsullarla, yəni həmişə saydığımız maskadan istifadə ilə, sosial məsafəni qorumaqla və gigiyena qaydaları ilə özümüzü bu xəstəliklərə qarşı mühafizə edə bilərik. Ən yaxşısı bu virusların heç birinə yoluxmamaqdır. Əlavə olaraq koronavirus və Influenzavirusa (qrip) qarşı vaksinlər də mövcuddur. Bu vaksinlər xüsusilə də həssas orqanizmə sahib olan insanlar üçün çox yaxşı profilaktik tədbir hesab olunur. Və təbii ki, düzgün, sağlam həyat tərzi orqanizmimizin müqavimətini, immuntetini qorumaqda önəmli yer tutur”.

Həkim-infeksionist qeyd etdi ki, respirator sinsitial virus daha çox azyaşlılarda, məktəb yaşlı, bağça yaşında uşaqlarda çox görüldüyü üçün bu uşaqların məktəb və bağçalara xəstə halda dərsə getməsi digər uşaqların da bu virusa yoluxması təhlükəsini artırır.

"Ona  görə də, xəstə olan uşaqları məktəbdən təcrid etmək, yəni ev şəraitində təcrid edərək müalicəsini aparmaq lazımdır. Müalicəsi asan olan, sağalan xəstəlikdir. Lakin dediyim kimi, yoluxma baş verməsin deyə uşaqların ev şəraitində müalicə olunması daha məqsədəuyğun hesab olunur. Eyni ilə də qrip və koronavirus, bu, həmçinin uşaqlarda, həm də böyüklərdə yüksək yoluxuçuluq xüsusiyyətləri olan və simptomatik xəstəliklər törədən viruslardır. Təbii ki, xəstə şəxsin özünü təcrid etməsi ən güclü mühafizə sayılır”,- deyə N.Əzimli qeyd etdi.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən