Hər yüngül baş ağrısında dərman alıb içmək müalicəni çətinləşdirir - Həkim-nevroloq

 01:41 08.02.2023     351

Baş ağrılarının müalicəsində medikamentoz müalicə ilə yanaşı həm də qeyri-medikamentoz müalicə üsullarından da istifadə olunur. Qeyri-medikamentoz müalicə üsulunda əsasən həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur. Belə ki, sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, normal yuxu rejiminin böyük təsiri var.

Redaktor.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova baş ağrılarının müalicəsi ilə bağlı danışıb.

"Medikamentoz müalicə isə kəskin baş ağrılarının idarəedilməsi və preventiv metodlardan ibarətdir. Kəskin baş ağrıları zamanı müxtəlif ağrıkəsicilərdən istifadə edilir. Bunlardan əksəriyəti reseptsiz buraxıldığı üçün pasientlər asanlıqla apteklərdən əldə edə bilirlər. Pasientlərdə ağrılar dözülməz olduğu təqdirdə onlara preventiv müalicə təyin edilir. Burada xüsusi və yalnız reseptlə buraxılan dərmanlar qeyd olunur.

Həkim təyinatı olmadan satılan dərmanların həddindən artıq istifadəsi əslində əks təsirə səbəb ola bilər. Yəni, baş ağrıları daha da güclənə bilər. Belə pasientləri müalicə etmək çətindir, çünki onlar minimal ağrı belə olanda dərhal dərman alıb içirlər. Lakin əsas diqqət yetirməli olduqları səbəbləri isə aradan qaldırmırlar.

Belə pasientlər mütləq maarifləndirilməli və preventiv uzunmüddətli müalicəyə alınmalıdılar. Əlbəttə ki, həkimin tövsiyələrinə riayət edən şəxslərdə uzunmüddətli remissiya əldə etmək olur və ağrıların intensivliyi, şiddəti azalır, yaxud uzun illər özünü biruzə vermir", - deyə həkim-nevroloq bildirib.