Siqaret tüstüsünü udmaq çəkməkdən daha zərərlidir - Kardioloq

 00:22 09.02.2023     525

Siqaret ürəyə və qan damarlarına böyük ziyan vurur. Bir ədəd siqaretdən sonra qan təzyiqi yüksəlir, qan laxtalanması və damarların tıxanması riski artır. Tütündən istifadə edən insanın nəbzi siqaret çəkməyəndən 15 000 ürək döyüntüsü artıq olur. Belə ki, onun ürəyinə düşən yük normadan təxminən 20% çoxdur. Damarların daralması toxumalarda oksigen açlığına - hipoksiyaya səbəb olur.

Redaktor.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev siqaretin zərərlərindən danışıb.

Hazırda siqaret çəkməyən insanlar da bəzi hallarda tütün tüstüsünü məcburən udmağa məruz qalır. Buna passiv siqaret çəkmə deyirlər. Yəni, siqaret çəkməyən insanlar siqaret tüstüsünü udur və bu onların orqanizminə mənfi təsir göstərir. Siqaret çəkənlər ətraf mühiti çirkləndirir.

Passiv siqaret çəkmə aktiv siqaret çəkmədən daha zərərlidir, çünki siqaret çəkən şəxs tüstünün filtrdən keçən hissələrini qəbul edir. Üstəlik, bu hissə tüstünün cəmi 35-40%-ni təşkil edir, yerdə qalan 60-65%-i isə siqaretin özünün yanması zamanı əmələ gəlir və ətrafdakı insanlar tərəfindən udulur. Siqaret çəkənlər tərəfindən buraxılan dumanlı axının bir hissəsi və tüstülənən siqaret tüstüsünün bir hissəsi onun ağciyərlərinə daxil olur. Eyni zamanda, o, aktiv siqaret çəkən insanın şüurlu şəkildə "qəbul etdiyi" bütün zəhərli maddələrin 60% -ni qəbul edir. Tütün tüstüsü 4000-dən çox maddənin son dərəcə zərərli qarışığıdır. Onların bəziləri selikli qişaları qıcıqlandırır, orqanizmə toksik təsir göstərir, digər hissəsi isə kanserogenlər, yəni bədxassəli şişlərin inkişafına səbəb olan maddələrdir.

Düzdür, siqareti tərgitmək çətindir. İnsanlar siqaretin onların orqanizminə ciddi təsiri haqqında müntəzəm surətdə məlumatlandırılır, lakin yenə də bu zərərli vərdişdən əl çəkə bilmirlər. Tövsiyə edirəm, bu pis vərdişdən bir dəfəyə əl çəksinlər, istək yarandığı halda açıq havada gəzsinlər, asudə vaxtlarını maraqlı işlərlə məşğul olsunlar. Həyat qısadır, onu daha da qısaltmasınlar, əksinə, mənalı və maraqlı etməyə çalışsınlar, sağlam və gümrah yaşasınlar.