Tanınmış həkimdən qriplə bağlı insanlara vacib TÖVSİYƏLƏR

 12:32 14.02.2023     650

Son günlər əhali arasında qrip virusuna yoluxma halları demək olar ki, artıb. Eyni zamanda, dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb.

Səhiyyə Nazirliyi isə insanları qrip əleyhinə vaksin olunmağa çağırıb.

Bəs, özümüzü mövsümi xəstəliklərdən qorumaq üçün nə etməliyik? Hansı yaş qrupları qrip əleyhinə peyvənd oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, bu dönəmlərdə tibbi maskalardan istifadə etmək vacibdir.

“Hər zaman olduğu kimi payız-qış aylarında biz daha çox virus mənşəli respirator, yəni tənəffüs yolu infeksion xəstəliklərinə rast gəlirik. Bu, istər pandemiyada yaşadığımız COVİD-19 virusu olsun, adenovirus, ranavirus, influenza, qrip, paraqrip kimi viruslar olsun, istərsə də digər çox nadir hallarda rastlaşdığımız viruslar olsun, bunların baş qaldırdığı bir dönəmdir. Bu dönəmdə daha çox insanlarımıza tövsiyəm, toplumda olarkən maskalardan istifadə etmək, xüsusilə də özünü nasaz hiss edən, hər hansı bir zökəm əlamətləri olan insanlar daha çox özlərini və ətrafdakıları qorumaq üçün tibbi maskalardan istifadə etməlidirlər. Hər bir insanlarda immun sisteminin gücləndirilməsi şəxsi gigiyenanın qorunması ilə başlayır. Bura əllərin və üzünün yuyulması, çirkli əllərlə üzə, buruna, gözə, xüsusilə də selikli qişalara hər hansı bir təmasın olmaması aiddir. Yaxşı olar ki, insanlarımız mövsümi meyvələrdən daha çox istifadə eləsinlər. Su içmək, gün ərzində ən azı bir saatlıq idman rejimi olsun və payız qış aylarında vitamin C, vitamin D kimi vitaminlərdən və sink, selen kimi mikroelementlərdən istifadə etsələr öz immun sistemlərini aktiv saxlamış olarlar”,-deyə həkim qeyd etdi.

Hansı yaş qrupu vaksin olunmalıdır sualına gəldikdə isə S.Hacıyev bildirdi ki, əgər bir insan özünü sağlam hiss edirsə və son 14-21 gün ərzində hər hansı bir infeksion və hərarətli bir xəstəlik keçirməyibsə, vaksinasiya olunması tövsiyə olunur:

“Hər hansı bir iltihab, infeksion xəstəlik varsa, vaksinasiya olunması üçün 14-21 gün gözləmək lazımdır. Yoxsa ki, durumu daha da ağırlaşdıra bilər. Yəni ikinci bir bakteriyal infeksiya qoşula bilər. Burada birinci növbədə uşaq yaşlarında və 65 yaş üzəri insanlarımız daha tez vaksinasiya olunmalıdır. Çünki bu insanlar risk qrupudur. Bu insanların immun sistemi çox zəif olur. İstər körpə uşaqlar, xüsusilə də bir yaşa qədər uşaqlar, eyni zamanda 65 yaşdan yuxarı insanlar, onlarda da bir çox xroniki xəstəliklər olur ki, infeksion xəstəliklər onları daha da ağırlaşdırıb həyati təhlükə yarada bilir. Amma vaksiqrip, influvak, yəni influenza əleyhinə, qrip vaksini əleyhinə vaksinlərin vurulması istənilən bir yaş dönəmində tövsiyyə olunur”.

Həmidə İBRAHİMOVA