Üz qabıq verirsə...

 01:20 19.02.2023     564

Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimizə çox mənfi təsir edir - dəri quruyur, qabıq verir, öz elastikliyini itirir, dartınır.

Redaktor.az bu problemlərlə mübarizə etmək üçün kosmetoloqların bu kimi tövsiyələrini təqdim edir:

- Suyun qəbulunu artırın. Qış aylarında insanlar daha az su içir. Bu isə susuzlaşmaya səbəb olur. Susuzlaşma ilk növbədə özünü dərinin vəziyyətinin pisləşməsində göstərir.

- Evinizin havası çox quru olmamalıdır. Bu həm selikli qişaların, həm də dərinin qurumasına səbəb olur. Evin havasını tez-tez dəyişin, xüsusi havanı nəmləndirən cihazlardan istifadə edin.

- Qışda skrablardan daha az istifadə olunur. Lakin yumşaq skrabların istifadəsi qabıqvermə problemini həll etməyə kömək edir. Ev şəraitində adi yulaf yarmasından ("herkules") hazırlanan yumşaq skrab çox yaxşı effekt verir. Yulaf yarmasını ilıq suda isladın və sonra üzünüzə çəkib yüngül massaj edin. Dəriniz daha yumşaq və elastik olacaq.

Digər skrab resepti - 1 xörək qaşığı kəsmik və 1/2 çay qaşığı narın duz yaxşı qarışdırılır və skrab kimi istifadə olunur.

- Üzünüz qabıq verirsə, daha yağlı kremlərdən istifadə edin.

- Qidalanmanıza fikir verin. A, C və B qrupu vitaminlərin defisiti üz dərisinə çox mənfi təsir edir. Qidalanmanızda meyvə-tərəvəz, göyərtilər, balıq, yumurta, süd məhsulları bol olmalıdır.

- Ev şəraitində üz dərisini yumşaldan və qidalandıran maskalardan istifadə etmək olar. 1 yumurta sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı yulaf yarması unu (yarmanı üyütmək lazımdır) yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

Kətan yağını su hamamında bir az qızdırın və üz dərinizə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq suda isladılmış salfetlə silin.