"Aşırı prosedurlara qaçmayın" - Həkim-kosmetoloqdan xanımlara MƏSLƏHƏT

 14:02 07.06.2023     36614

Son vaxtlar bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da əksər qadınlar gözəl görünmək üçün botoks, mezoterapiya, dolğular, gellərdən istifadəyə üz tutur və bu kütləvi hal almağa başlayıb. Məlum məsələdir ki, düzgün qaydada aparılan bu cür proseduralar sayəsində qadınların üz dərisi yenilənir, çox gözəl görkəm alır. Hazırda “botoks” inyeksiyaları ən populyar və tələb olunan kosmetoloji prosesdir.

Kosmetoloji proseduralar haqqında Redaktor.az-ın suallarını həkim-kosmetoloq Səadət Bayramova cavablandırdı.

- Səadət xanım, istərdim ilk öncə indi bir çox xanımların yaş fərqinə baxmadan istifadə etdiyi dolğudan danışaq. Hansı yaş həddinə uyğun olmalıdır? Sonradan fəsadları yarana bilərmi?

- Bildiyimiz kimi, dolğu deformasiya üçün nəzərdə tutulub. Təbii ki, olar-olmazları və əlbəttə yaş qrupları var. Məsələn, 17-18 yaşında xəstələrimiz olur ki, dodaq deformasiyaları, çənə problemləri olur. Bəli, bu zaman olar. Yenə də eyni qayda ilə doğru dolğunu istifadə etmək lazımdır. Hal-hazırda bu sistemdə, bazarda elə bir vəziyyət yaranıb ki, yəni satan-satanadır. Doğru-düzgün istifadə etdikdə belə bir problemi yoxdur.

- Dolğu ilə biopolimerin (silikon) fərqi nələrdir?

- Hal-hazırda Azərbaycanın özündə qlobal, dəhşətli bir şeydir. Bildiyimiz kimi, ərimir. Hansı ki, əridici preparatlarımız var, amma heç biri ilə ərimir. Yalnız cərrahi müdaxilə lazım olur. 70 faizdə isə təmizlənmir.

- Bəs, üzə istifadə olunan botoksu hansı yaşdan tövsiyə edirsiz?

- Bildiyimiz kimi, botoks botulinum toksinidir. Tək kosmetologiyada istifadə olunmur. Nevroloji sahədə, hətta artıq mədə problemləri var ki, nevroloqlar istifadə edir. Botoks yenə də deformasiyaya baxır. Narahatedici problemlər varsa, mənim tövsiyyəm 25 yaşından üstü olanlaradır. Təbii ki, az bir faizdə 30 yaşdan sonra artıq təyinat var.

- Səadət xanım, indi bir çox xanımlar sanki bir-birlərinə bənzəyirlər. Bu kosmetoloji prosedurdan irəli gəlir, yoxsa...

- Bu, məni də arada düşündürür. Məsələyə münasibətim odur ki, sosial şəbəkə və bu sahəki var, bundan dolayı çoxu özünü göstərir və hər kəs bir bəyənilmək arzusundadır. Xanımlarımızın hamısı baxımlı olmalıdır. Amma bu o demək deyil ki, hər kəs bir-birinə oxşamalıdır. Burun estetika, dodaq eyni, göz eyni. Freşliyi qorusaq, daha gözəl olar. Həm gözəl, həm baxımlı görsənmək, həm də freşliyi qorusaq məncə daha məqsədə uyğun olar. Yoxsa təbii ki, istədiyimiz qədər bu dolğunu da edə bilirik. Bizim Türkiyədə olan çıxışlarımız zamanı, klinikalarda olduğumuz zaman belə mövzularda tamam fərqli yanaşma olur. Avropa tamam fərqli yanaşmadır. Məhz Azərbaycanda vulqar görünüşü daha çox sevirlər.

- İndi üzdə yayılan problemlərdən biri səpkilərdir. Xüsusilə də yeniyetmələrdə rast gəlinir. Bunlar nədən yaranır?

- Hal-hazırda səpkilər gündəmimizin eyni dolğu, biopolimer kimi həqiqətən də dəhşətli mövzusudur. Çox güman ki, ekoloji korlanmalar, uşaqlarımızın qeyri-düzgün qidalanması, hansı ki, ayaqüstü "fast-food"lar, enerji içkiləri, şirin, qazlı içkilər səbəbindən ola bilir. Və ən çox da özünü sosial şəbəkədə və telefonda çox zaman keçirmək göstərir. Məsələn, 14-15 yaşında uşaqlar gəlir, onların rasionunu düzəldirik, yəni yemək məsələlərini yoluna qoyuruq, müalicələrini edirik. Sonda bir məsələ diqqətimi çəkir ki, heç bu, telefonu əlindən yerə qoymur. Bir stresin, vurhavurun içindədir. İlk növbədə həmin zamanlarda stresdən uzaq qalmaq lazımdır. Təbii ki, stresdən səpgilərimiz daha çox olur.

- Dəridə olan papilomaların hansı fəsadları var?

- Papilomalar 90 faiz xəstələrimizdə hal-hazırda çoxdur. Bunları elektrik kalqulyatr aparatı ilə yandırırıq, götürürük. Və ona qarşı müalicə etdiyimiz müddətdə, hansı ki, virusumuzu aşağı endirib, imunteti qaldırdığımız zaman artıq bir az canımız virusdan qurtarır. Heç bir fəsadı da yoxdur. Əksinə təmizləmək lazımdır, təmizləmədikcə artım gedir.

- Gözaltı işıq dolğusunun fəsadları ola bilərmi?

- Gözaltı işıq dolğusu çox həssas nahiyyədir. O nahiyədə işləyəndə preparat çox düzgün seçilməlidir. Ora hər preparat vurulmamalıdır. Doğrudan da işinin mütəxəssisi o işi görməlidir. Çünki bir müddət bundan öncə Azərbaycanda iki xanım ağır bir fəsadla qarşılaşıb, hətta biri korluğa kimi gedib çıxıb. Onları Azərbaycanda belə cərrahiyyələr götürmədi. Kosmetoloji qruplarımızda belə müzakirələr oldu. Heç kim götürmədi, çünki tamamən yanlış uyğulama idi və korluğa kimi getdi çıxdı. Amma düzgün olunduğu müddətdə gözaltı qaralmaları götürür. Gözaltı qaralmalar, batıqlar həm də irsi olur. Amma yenə də dəriyə uyğun və düzgün seçim olmalıdır. Bizim bazarda hal-hazırda saysız-hesabsız preparatlar var və onun yalnız ikisi, üçü gözaltı üçün uyğundur. Mənim istifadə etdiklərim təbii ki, Avropa standartlarına uyğun olan təbii dolğulardır. 

- Saçla bağlı sizə müraciətlər olurmu?

- O iş əsasən trixoloqların işidir. Təbii ki, gələnlər də, müraciət edənlər də çox olur. Çox vaxt mən öz mütəxəssisinə yönləndirirəm. Eyni zamanda yenə də stressdən tökülmələr daha çoxdur. Şampunların tərkibində olan kimyəvi maddələr saç tökülmələrinə, kəpəklənməyə, qaşıntıya gətirib çıxarır. Yəni yenə də şampunları düzgün seçmək lazımdır. Stress, eyni zamanda təbii ki, vitamin qəbulunu axsatmamaq lazımdır. Hər zaman vitamin qəbul etməliyik ki, biz ağır bir dönəmdən, COVİD dönəmindən keçdik. Bu, saçla bağlı olaraq xanımlarımıza, bəylərimizə hədsiz dərəcədə ziyan vurub. COVİD-dən  sonra hədsiz dərəcədə şikayətlər daha çoxdur. Şikayətlər 50 idisə, 100 oldu. Bunun üçün də saç üçün mezolar nəzərdə tutulub. Daha sonra perepelər, hansı ki, plazmalar var, bu problemlərin həllində müsbət rol oynayır. Ən çox perepe daha effektiv olur. Müxtəlif şirkətlərin saç üçün nəzərdə tutduğu mezolar da var. Amma mən çalışdığım qədər təbii ki, onu da öz mütəxəssisinə yönləndirirəm.

- Bəs siz işlətdiyiniz preparatlar hansı ölkə istehsalıdır?

- Mənim işlətdiyim preparatlar ən çox Avropa və Koreya istehslıdır. Tam patent almış, tam öz sertifikasiyasını vermiş preparatlardan istifadə edirik. Yəni belə deyək də, düzgün işləyəndə, düzgün preparat seçəndə pasiyent itirmirsən, həm nəticəni verirsən, həm də pasiyent qazanırsan. Düzgün preparat, düzgün işləmə, düzgün nəticə! Bu da sənin uduzmamağın deməkdir. Məncə, bu yetərlidir.

 - Fransız asqısı barədə fikirləriniz necədir?

- Saplar bir yaş dövründə yaxşıdır. Amma bəzən olur ki, nəticəsiz olur. Yenə bütün prasedurlar kimi individualdır.

- İndi burun dolğusu edənlər çoxdur. Sizin münasibətiniz necədir?

- Burun dolğusunu çox qəbul etmirəm. Bəzən pasiyentlərim məndən küsür ki, niyə burun dolğusu etmirsiz. Olmaz axı. Sosial şəbəkələrdə bəzən işlənən burun dolğularına baxıram, özüm o dünyanı görüb qayıdıram ki, xəstə bu dəqiqə öləcək. Göz kimi çox həssas nahiyədir. Hətta onun bir damcısı belə anında ölümlə nəticələnir. Düzgün vurmaq lazımdır. Ən çox əməliyyatdan sonra deformasiya olunmuş burunları işləyirəm. Uğursuz burun əməliyyatlarında icra etmək olar. Problemli burnlu pasiyentlərə tövsiyəm doğru-düzgün estetik cərraha müraciət etsinlər.

- Sonda xanımlarımıza nə demək istəyirsiz?

-Özünüz kimi olun. Aşırı prosedurlara qaçmayın. Ehtiyac yoxdur. Hər bir xanım gözəldir. Kiçik toxunuşlar yetərlidir. Hansı ki, deformasiyalar var, onları bərpa etmək yetərlidir.

Həmidə İBRAHİMLİ