Bayram günlərində yağlı, qızardılmış qidalar və şirniyyatlardan həddində istifadə edin
Bayram günlərində ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxması, arterial təzyiqdə təhlükəli dəyişiklik, xroniki qastritlərin kəskinləşməsi, pankreatitlər, mədə-bağırsaq pozuntuları, allergik reaksiyaların artması və digər ciddi fəsadlara səbəb ola bilər.
Bakı Baş Səhiyyə Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, adətən Novruz bayramında bu hallarla tez-tez rast gəlinir. Mərkəzin tabeliyində fəaliyyət göstərən Zığ Sağlamlıq Mərkəzinin həkim-terapevti Nuranə İsabalayeva qeyd edib ki, bayram günlərində qidalanma müxtəlif xəstəliklərin rastgəlinmə tezliyinin artmasına səbəb olur: “Bayram günlərində insanlarımızın əksəriyyəti qidalanmaya ciddi fikir vermir, yeməkarası fasilələrə, yeməklərin növlərinin düzgün müəyyənləşdirilməsinə diqqət yetirmir. Bu insan sağlamlığı üçün çox əhəmiyyətli məqamdır. Xüsusən, yağlı və qızardılmış, çox ədviyyatlı qida qəbulu zamanı yeməklər arasındakı fasiləni artırmaq, az-az və tez-tez yemək tövsiyə olunur.
Bayram günlərindəki ağır qidalanmadan sonra bir neçə saatlıq da olsa (heç olmasa, 6-8 saatlıq) ac qalmağı tövsiyə edirik. Bu mədə-bağırsaq sisteminin yükünün azaldılmasına səbəb olur. Bu baxımdan insanlarda mövcud olan tibbi diaqnozlar, xəstəliklər də mütləq nəzərə alınmalıdır”.
Həkim-terapevt, həmçinin xroniki xəstəliyi olan xəstələrin qida rejimlərində dəyişikliklər edilməsinin kəskin fəsadlara səbəb ola biləcəyini bildirib: “Belə ki, şəkərli diabet xəstələrində pəhriz rejiminin pozulması qanda şəkərin miqdarının çox yüksəlməsi ilə nəticələnə bilər. Bu hətta bəzi xəstələrdə diabetik komalara belə gətirib çıxarda bilər.
Xroniki böyrək xəstələrinin də qidalanma rejimində dəyişiklik edilməsi, ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxmasına, arterial təzyiqin kritik göstəricilərinə səbəb olur.
Bundan əlavə, ədviyyatla zəngin bayram şirniyyatlarının qəbulu insanlarda allergik reaksiyaların artması ilə nəticələnə bilər. Bu isə özünü yuxarı tənəffüs yolları və dəri nahiyəsində büruzə verir”.
N.İsabalayeva bayram günlərində hazırlanan qidaların saxlanma qaydalarına da riayət olunmasının zəruriliyini nəzərə çatdırıb:b“Bu günün yeməklərini çalışın digər günə saxlamayın! Bu xüsusilə, mayonezli salatlara və kremli qidalara şamil olunur. Həmin qidaların bir neçə gün sonra istifadəsi orqanizmdə çox ciddi fəsadlar verə bilər”.
Mütəxəssis bütün hallarda qidalanma ilə bağlı hər hansı narahatlıq müşahidə olunarsa, ərazi üzrə sahə/ailə həkimlərinə müraciət etməyi məsləhət bilib. Evdə həkim müşahidəsi olmadan özbaşına müalicələr daha ağır nəticələrə səbəb ola bilər.
Bayramı elə keçirin ki, sağlığınıza ziyan gəlməsin! Can sağ olanda bayramlar daha maraqlı olur!
Hər hansı narahatlıq zamanı ilkin səhiyyə xidmətindən yararlanın!