Azərbaycanda vəba xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər aparılır - Nazirlikdən AÇIQLAMA

 13:34 27.03.2023     480

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin dünyada yayılma riskini çox yüksək qiymətləndirir.

Bu barədə ÜST-ün epidemioloji bülletenində deyilir.

Bildirilib ki, martın 20-nə olan məlumata görə, 24 ölkədə vəba xəstəliyinə yoluxma ilə bağlı yeni hallar qeydə alınıb.

"Əvvəlki bülletenin dərc edildiyi 2023-cü il fevralın 11-dən bəri dünyada vəba xəstəliyinin yayılması ilə bağlı qlobal vəziyyət pisləşib. Dörd yeni ölkədə bu xəstəliyin yayılması barədə məlumat verilib".

Bəs, Azərbaycanda vəba xəstəliyinin yayılması riski varmı? Bu xəstəliyə qarşı hansı qabaqlayıcı tədbirlər görülrür?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən Redaktor.az-a bildirildi ki, kəskin bağırsaq infeksiyalarına aid olan vəba xəstəliyinin yayilması əsasən vəba törədiciləri ilə çirklənmiş su, bəzi hallarda isə qida və təmas yolu ilə baş verir. Xəstəliyin hava ilə yayılması mümkün deyil.

"Ölkəmizdə vəba xəstəliyi ilə bağlı vəziyyət daim nəzarət altında saxlanılır. Ölkəyə daxil olan və ölkəni tərk edən yerli və ya xarici vətəndaşların səhhətində hər hansı oxşar əlamətlər aşkarlanarsa, həmin şəxslər müvafiq tibbi müayinələrdən keçirilir. 
Səhiyyə Nazirliyinin 12 iyun 2019 -cu  il tarixli 45 N-li əmrinə əsasən Respublika ərazisində vəba xəstəliyinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, may ayından başlayaraq oktyabr ayının sonuna kimi ölkə ərazisində vəba xəstəliyinə qarşı bütün qabaqlayıcı tədbirlər, həmçinin su hövzələri üzərində monitorinqlər aparılır. Götürülən nümunələr ayda 2 dəfə olmaqla toplanıb, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilir. Mütəmadi həyata keçirilən laboratoriya müayinələri nəticəsində uzun illərdir ki, vəba törədiciləri aşkar olunmayıb. 
Bir sıra Asiya, Afrika və Cənubi Amerika ölkələrində vəba xəstəliyinin alovlanmaları və tək-tək hadisələri mütəmadi olaraq baş verir və digər ölkələrdən vəba xəstəliyinin ölkəmizə gətirilməsinin qarşısının alınması üçün həm ölkənin sərhəd buraxılış məntəqələrində, həm də ölkə ərazisində etibarlı və sistemli sanitariya-epidemioloji nəzarəti təşkil olunub" - nazirlikdən bildirildi.

O da qeyd olundu ki, xəstəliyin əlamətlərinə görə şübhəli şəxs müəyyən olunarsa, bu zaman Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində laboratoriya diaqnostikasını aparmaq üçün lazımı ləvazimat və reaktivlər var.

Arzu İSMAYIL