Azərbaycanda bu xəstəlik yoxa çıxdı

 14:27 27.03.2023     309

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan və Tacikistanı malyariya xəstəliyindən azad ölkə elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə ÜST-nin Avropa ofisinin "Twitter" hesabında məlumat yayılıb.

"Bu uğur səhiyyə işçilərinin fədakarlığı, eləcə də malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub", - açıqlamada deyilir.

Xatırladaq ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-ün sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub.

Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb.

Ölümcül qlobal xəstəliklərdən biri olan malyariya xüsusilə Afrikada geniş yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik əsasən Sahara Afrikasında üstünlük təşkil edir.