Orucluqdan sonrakı qidalanma QAYDALARI

 09:56 21.04.2023     374

Ramazan ayının bitməsi həm də oruc tutanların normal qidalanma rejiminə keçməsi deməkdir. Bir ay ərində gündə iki dəfə qidalanmaq bağırsaq və həzm sistemində dəyişikliklərə və maddələr mübadiləsinin sürətinin azalmasına gətirib çıxarır. Lakin diyetoloqlar birdən-birə normal rejimə qayıtmağın da düzgün olmadığını deyirlər.

Redaktor.az xəbər verir ki, həkim-diyetoloq Məlahət Kərimova bununla əlaqədar deyib: “Ramazan bayramından sonra mütləq bir sıra qaydalara əməl edilməlidir. İlk növbədə səhər yeməklərinə diqqət yetirilməlidir. Çox xəfif yeməklər- süd məhsulları, yulaf, sıyıq və digər yeməklərdən istifadə edilməli, bol su içilməlidir. Bəzi qidalardan, xəmir yeməklərindən və ağır şirniyyatlardan çəkinmək lazımdır. Digər bir qayda isə mümkün olduğu qədər fiziki hərəkətlər etməkdən ibarətdir”.

Bayramda yağlı qidalar və kabab növlərini yeyənləri isə ciddi çəki artımı və həzm problemi gözləyir. Bunun qarşısını almaq üçün ət yeməklərini minimuma endirmək, meyvə-tərəvəzlərə və salata daha çox yer verilməlidir. Şirniyyatı isə qida rasionundan ya çıxarmaq, ya da miqdarını azaltmaq lazımdır.

Həkim-terapevt Günay Xəlilbəyova isə qeyd edib ki, oruc tutmaq sadəcə qida rejimində deyil, həm də yuxu sistemində dəyişikliklərə səbəb olur: “Birdən-birə çox yemək və yaxud ağır yemək mədə-bağırsaq sisteminə çox böyük ziyan vurur. Ramazandan sonrakı ilk günlərdə az-az porsiyalarla və tez-tez yeməyə başlamaq, xüsusilə yuxu rejiminə fikir vermək lazımdır. Ramazan ayından sonra ən azı sutkada 7 saat yatmaq da mühüm məsələlərdən biridir”.

Həmçinin Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq, bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətə gətirmək üçün çox vacibdir. Bu, həzm prosesini yaxşılaşdırır, kökəlmə riskini azaldır, həm də yuxu rejimini qaydaya salır (Azərtac).