"Nə qədər ürəyimiz istəsə də, gözümüz görsə də, sağlamlığımız üçün..." - Ekspertdən XƏBƏRDARLIQ

 12:32 01.05.2023     694

Son günlər vaxtından əvvəl qəbul etdiyimiz meyvə və tərəvəzlərə görə zəhərlənmə sayı artıb. İllər öncə may ayının sonunda qəbul etdiyimiz meyvələri indi aprel ayının əvvəlində yeyirik. Bu da təbii olaraq zəhərlənmənin artmasına gətirib çıxarır.

Bəs, bu cür qidaların orqanizmdə hansı zərərləri var? Mövsümdən əvvəl qəbul etdiyimiz meyvələr nə qədər faydalıdır?

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Redaktor.az-a danışıb.

Ekspert dedi ki, istədiyimiz meyvə və tərəvəzi ilin istənilən vaxtında əldə etsək də, əslində hər bir meyvə və tərəvəzi mövsümündə yemək daha sağlam hesab olunur:

"Mövsümündən kənar qəbul edilən meyvə və tərəvəzlərin qida dəyəri olduqca aşağı olur, mövsümdən kənar bol yetişdirmək üçün və gözəl görüntü üçün müxtəlif kimyəvi dərmanlardan, qoruyuculardan, pestisidlərdən istifadə olunur, qiyməti də bahalaşır, dadsız olur. Bu cür yetişdirilən meyvə və tərəvəzlər toplandıqdan sonra öz qida dəyərini itirməyə başlayır. Təsəvvür edin, qışda yediyimiz ispanaqla yayda yediyimiz ispanağın C vitamini dəyəri arasında 3 dəfə fərq olduğu aşkar olunub. Bu cür qidalar sağlamlığımız üçün olduqca zərərlidir. İstənilən yaşda mövsümündən kənar qəbul edilən meyvə və tərəvəzlər baş ağrısı, allergiya, ürəkbulanma, astma, həzm və mədə-bağırsaq problemlərinə və müxtəlif xəstəliklərə səbəb olur".

F.Səfərov bildirdi ki, hər bir fəsildə torpağa, havaya və dəyişən iqlim şəraitinə görə orqanizmimizin fərqli ehtiyacları yaranır.

"Eyni zamanda mövsümündə yetişən hər bir meyvə və tərəvəz daha faydalı, dadlı və bol olur, qida dəyəri yüksək olur, orqanizmimiz üçün çox faydalıdır. Həm də nəzərə almaq lazımdır ki, hər bir meyvə və tərəvəz mövsümündə daha bol olduğu üçün daha ucuz olur. Bütün bunları nəzərə alaraq tövsiyə edirəm ki, nə qədər ürəyimiz istəsə də, gözümüz görsə də, sağlamlığımız üçün hər bir meyvə və tərəvəzi mövsümündə yeməyə çalışmalıyıq", - deyə ekspert vurğuladı.

Humay İSGƏNDƏRLİ